Bakıda “Türk dünyasının simvolu – xalça” adlı beynəlxalq konfrans keçirilib

 

11-14 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində II Türk Dünyası Muzeyləri Görüşü keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirin məqsədi muzey sahəsində baş verən yeniliklərlə tanış olmaq, təcrübə və bilik mübadiləsi aparmaq, yeni layihələri müzakirə etməkdir.

Türk Dünyası Muzeyləri Görüşü ilk dəfə 2022-ci ildə Türkiyənin Bursa şəhərində təşkil olunub.

Oktyabrın 11-12-də Azərbaycan Milli Xalça Muzeyində II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində “Türk dünyasının simvolu – xalça” adlı beynəlxalq konfrans keçirildi.

Açılışda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova öncə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı və bütün Türk dünyasını qürurlandıran Zəfərin qarşıdan gələn 3-cü ildönümü münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdırdı.

Bildirdi ki, bu il Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu il həm də TÜRKSOY-un yaradılmasının 30 illiyidir. Əlamətdar yubiley münasibətilə təşkilat tərəfindən müxtəlif tədbir və layihələr həyata keçirilir. Belə önəmli layihələrdən biri də II Türk Dünyası Muzeyləri Görüşüdür.

Nazir müavini konfransda müzakirə olunacaq mövzuların aktuallıq kəsb etdiyini dedi.

Qeyd etdi ki, türk xalqlarının yaşam tərzi və firavanlıq simvolu olan xalça insanlığın ən qədim ixtiralarından biri olmaqla yanaşı, həm də incəsənətin mühüm, universal növlərindəndir: “Azərbaycan dövləti xalqımızın milli kimliyini, həyat tərzini, onun inkişaf mərhələlərini, dünyagörüşünü, fəlsəfəsini özündə əks etdirən mədəni irsimizin qorunması və təbliğini diqqətdə saxlayır. Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fonunun rəhbəri Mehriban Əliyeva  tərəfindən Azərbaycan mədəniyyətinə xüsusi diqqət göstərilir. Bugünkü tədbirin keçirildiyi məkan – Azərbaycan Milli Xalça Muzeyi də bu həssas yanaşmanın nümunəsidir”.

Bildirildi ki, konfransın əsas məqsədi türk xalqlarının milli mədəni, tarixi irsinin qorunub saxlanılması, araşdırılması və dünyada təbliğidir. Eyni zamanda bu tədbir Türk dünyasında mədəni sərvətlərin mühafizə olunduğu və təqdim edildiyi muzeylərin fəaliyyət istiqamətlərində baş verən önəmli dəyişikliklərlə, yeniliklərlə tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaq, yeni layihələri müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır: “Hesab edirəm ki, iki gün davam edəcək yüksək elmi-təcrübi əhəmiyyətə malik konfrans Türk dünyasının muzey mütəxəssislərinin mədəni əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək. Ümumtürk tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi, dünyada tanıdılması işində hamınıza uğurlar arzulayıram”.

TÜRKSOY Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlü qeyd etdi ki, tədbirin təşkilatın 30 illik yubileyi ilində keçirilməsi çox önəmlidir. Konfrans Bakıdan sonra işini Şuşa şəhərində davam etdirəcək.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Mühafizəsi və Təbliği üzrə Ümumdünya Cəmiyyəti idarə heyətinin sədri Firdavs Abdulxaliqov, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan çıxış edərək konfransın işinə uğurlar arzuladılar.

 

Xalça dünya mədəni irsi kimi

 

Çıxışlardan sonra beynəlxalq konfrans işini sessiyalarla davam etdirdi.

Qeyd edək ki, konfransa məruzəçi kimi Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) 30-dan çox mütəxəssis qatılıb.

“Dünya mədəni irsi – xalça” mövzusunda birinci sessiya TÜRKSOY Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlünün moderatorluğu ilə gerçəkləşdi.

“Azərxalça” ASC idarə heyətinin üzvü, istehsalat direktoru Əlisəfa Nuriyevin “Xalçaçılıq ənənələrinin gələcəyə hədəflənmiş dirçəlişi”, “Qədim Quba” özəl xalça müəssisəsinin direktoru Humay Məmmədova “Keçmişdə və indi Quba xalçaçılığı”, Almatı Şəhər Muzeyləri Assosiasiyasının direktoru Lezet Saqındıkovanın (Qazaxıstan) “Xalçaçılıq milli mədəniyyətin mühüm hissəsi kimi. Ənənəvi məişətdə onun yeri” və Özbəkistan MEA K.Behzad adına Milli İncəsənət və Dizayn İnstitutunun professoru Elmira Gülün “Türk xalqlarının xalçalarında etno-mədəni markerlərin ortaq cəhətləri” adlı məruzələri dinlənildi.

Həmçinin Ankara Etnoqrafiya Muzeyinin direktoru Ali Haydar Atalar, Qazaxıstan Tarix-Diyarşünaslıq Muzeyinin mühafizi Gülzadə Bakıtova, Qırğızıstan Dövlət Universitetinin professoru Sinaru Alimkulova, Qırğızıstan Milli Tarix Muzeyinin elmi katibi Rabagül Maqomedova çıxış etdilər. Çıxışlarda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri, türkdilli xalqların ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər, xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri və onların zənginləşdirməsi, naxışın xüsusi bədii dili və s. məsələlər barədə fikirlər səsləndirildi, videoslaydlar nümayiş olundu.

***

Günün ikinci yarısında “Xalçanın dili – damğalar” adlı sessiya keçirildi. Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova, Özbəkistandan olan nümayəndə Şaxlo Abdullayeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov və Sabiha Tansuğ Etnoqrafiya Muzeyinin (Türkiyə) əməkdaşı Nisa Baranın məruzələri dinlənildi.

Konfrans çərçivəsində oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyi ilə Özbəkistan Dövlət Tarix Muzeyi və Ankara Etnoqrafiya Muzeyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.

***

Oktyabrın 12-də konfrans işini Milli Xalça Muzeyində davam etdirdi. “Muzeylərdə xalçaların saxlanması, konservasiyası və sərgilənməsi metodları” mövzusunda sessiyada Qazaxıstan, Özbəkistan, Türkiyə, Qaqauz Yeri (Moldova) və Türkmənistanın muzey direktorlarının məruzələri dinlənildi. 

Qeyd edək ki, konfrans iştirakçıları 13-14 oktyabrda Şuşa şəhərində I Türk Dünyası Mədəniyyət Forumunda iştirak edəcək, TÜRKSOY Muzeylər Birliyinin toplantısına qatılacaq və Şuşa şəhərində muzey və tarixi məkanlarla tanış olacaqlar.

Lalə Azəri