Ölkəmizin Özbəkistandakı səfirliyi Türkiyənin TRT Avaz televiziya kanalının Daşkənddəki nümayəndəliyi ilə birgə paytaxtdakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi keçirib. Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, diasporumuzun üzvləri iştirak ediblər.
Mərkəzin direktoru Samir Abbasov mərasimi açaraq Novruzun həyatımızda və məişətimizdəki yeri haqqında danışıb. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibətilə iştirakçıları təbrik edib, Novruzun BMT tərəfindən beynəlxalq bayramlar sırasına daxil edildiyini diqqətə çatdırıb.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov deyib ki, Özbəkistanda yaşayan azərbaycanlılar milli adət-ənənələrimizi yaşadır, Novruz bayramını geniş şəkildə qeyd edirlər.
Sonra Novruz tonqalı qalanıb, “Azəri qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi, İlham Abdullayev isə sazda aşıq havalarını ifa edib.
Fəxriyyə Abdullayeva