Martın 26-27-də Türkiyənin İzmir şəhərində BMT-nin Dünya Turizm Təşkilatının 55-ci iclası və «Dünya İrs obyektlərində turizm: problemlər və imkanlar» mövzusunda seminar keçirilib. Tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Seminarda mədəni irsin əlaqələndirilməsi mövzusunda çıxış edən nazir müavini iştirakçılara ölkəmizin mədəni irsinin və turizm imkanlarının inkişaf etdirilməsi məqsədilə görülən tədbirlər haqqında məlumat verib. Azərbaycan nümayəndə heyəti DTT-nin Avropa Komissiyasının növbəti iclasının 2014-cü ildə Bakıda keçirilməsini təklif edib.
Tədbir çərçivəsində Nazim Səmədov DTT-nin baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə Azərbaycanla qurum arasında əməkdaşlığın genişləndirilməsi, bir neçə layihənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycanın «Turizm haqqında» yeni qanun layihəsinin işlənməsində DTT ekspertləri tərəfindən yaxından köməklik göstərildiyi üçün Taleb Rifaiyə təşəkkür ifadə olunub. DTT-nin baş katibi qurumun mütəxəssislərinin əlavələri ilə tərtib edilmiş yeni qanun layihəsini nazir müavininə təqdim edib.
Qeyd edək ki, aprelin 22-23-də Bakıda DTT-nin «İpək Yolu» layihəsinin işçi qrupunun iclası, iyunun 10-12-də isə MDB ölkələri və Gürcüstan üçün turizm statistikası üzrə regional seminarın keçirilməsi nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva