Martın 27-də Bakıda Türkiyənin məşhur müalicə ocaqlarının birliyi olan «Medical Park» qrupunun təqdimatı keçirildi.
   
   «Medical Park»ın Azərbaycandakı rəsmi tərəfdaşı «Millennium Tourism & Congress DMC»nin dəstəyi ilə baş tutan tədbirdə 100-ə yaxın həkim iştirak edirdi. Şirkətin direktoru, Azərbaycanda Sağlıq Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev tədbiri açaraq ölkəmizdə müalicə turizminin böyük perspektivləri olduğunu bildirdi. Onun sözlərinə görə, dünya turizmində özünəməxsus yeri olan Türkiyə bu sahədə də böyük uğurlar əldə edib: «Dünyada müalicə turizminin yüksək inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir. Hər il minlərlə turist bu ölkəyə müalicə məqsədilə səfər edir. Bu ölkənin müalicə turizmində əldə etdiyi ən böyük üstünlük isə keyfiyyətli xidmət və sərfəli qiymətdir. Azərbaycanın turizm təmsilçiləri hər zaman qardaş ölkədəki həmkarlarının təcrübəsindən yararlanırlar”.
   Milli Məclisin deputatı İlham Məmmədov qeyd etdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, turizm sahəsində də mühüm inkişafa nail olub: «Bu inkişafda qardaş Türkiyənin də payı var. Bu ölkənin turizm sahəsində əldə etdiyi uğurlar bizi çox sevindirir. Bu gün nəinki Türkiyədə, eləcə də Avropa ölkələrində və dünyada tanınan «Medical Park» xəstəxanalar qrupunun Azərbaycanda nümayəndəliyinin yaradılması əlamətdar hadisədir”.
   Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslanın sözlərinə görə, sağlıq turizmi dünyada ən çox önəm verilən və insanları cəlb edən turizm növüdür: «İnsanları həmişə keyfiyyətli xidmət cəlb edir. «Medical Park» da bu tələblərə cavab verir. Ona görə də bu xəstəxanalar qrupunda Türkiyənin ən məşhur tibb mərkəzləri cəmləşib».
   «Medical Park» xəstəxanalar qrupunun əlaqələndiricisi Neslihan Kahraman təmsil etdiyi qurum haqqında danışdı. Qeyd etdi ki, 1995-ci ildən fəaliyyət göstərən «Medical Park»ın tərkibində hazırda 20 xəstəxana var, 5-i isə inşa olunur: «2012-ci ilin nəticələrinə görə, «Medical Park» Türkiyənin ən böyük, Avropanın isə 4-cü sağlıq qrupu seçilib. Son 3 il ərzində Türkiyənin bütün bölgələrində, Balkanlarda, Avropa ölkələrində nümayəndəliklərimiz yaradılıb. Türkiyədə fəaliyyət göstərən 3 böyük universitetlə əməkdaşlıq edirik. Xəstəxanalarımız eyni zamanda bu universitetlərin tibb fakültələrinin tələbələri üçün təcrübə müəssisəsidir. Azərbaycanı biz xarici ölkə deyil, ana vətənimiz hesab edirik. Ona görə də Azərbaycana gələndə öz həkimlərimizlə gəlirik, onların burada həmkarları ilə əlaqələr qurmasına, bilgilərini bölüşməsinə çalışırıq. 5 aydır Azərbaycanda nümayəndəliyimizi yaratmışıq. Bundan əlavə, hazırda Azərbaycanla bağlı ciddi layihələr üzərində çalışırıq». 
   Tədbirdə Türk Pediatrik Hemotoloji Dərnəyi və Bahçelievler xəstəxanasının sümük iliyi nəqli şöbəsinin rəhbəri, professor Gülyüz Öztürk «Uşaq akut lokozlarında sümük iliyi nəqli», «Medical Park» Bahçelievler xəstəxanasının qadın xəstəlikləri və doğum şöbəsinin rəhbəri Kadir Savan «Endometrozisin diaqnozu və müalicəsi», Türk Təbiblər Birliyi İstanbul Cərrahi Dərnəyinin üzvü, «Medical Park» Göztepe xəstəxanasının ümumi cərrahı Babək Tabendehin «Metabalik bariatrik cərrahiyyəsi» mövzularında məruzə ilə çıxış etdilər.
Sonda «Medical Park»ın Azərbaycan nümayəndəliyinin rəhbəri Azər Məmmədzadə xəstəxanalar qrupunun ölkəmizdəki fəaliyyəti barədə məlumat verdi. Tədbir konsert proqramı ilə başa çatdı.
   
   Fəxriyyə Abdullayeva