Sərgidə Azərbaycanın turizm imkanları nümayiş olunub
   
   Xəbər verdiyimiz kimi, martın 15-də Moskvada MDB ölkələri Turizm üzrə Şurasının növbəti iclası, ayın 16-dan 19-dək isə bu tədbir çərçivəsində «İntourmarket» beynəlxalq turizm sərgisi keçirilib. Bundan əlavə, martın 20-23-də Rusiya paytaxtında «MİTT-2013» beynəlxalq turizm sərgisi və iştirakçı ölkələrin turizm nazirlərinin toplantısı baş tutub.
   
   Tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Heyətə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev daxil idi.
   Turizm üzrə Şuranın iclasında «2020-ci ilə qədər turizm sahəsində MDB məkanında inteqrasiya proseslərinin inkişaf strategiyası» layihəsi müzakirə olunub, habelə 2014-cü ilin MDB-də “Turizm ili” elan edilməsi ilə bağlı layihə dəqiqləşdirilib.
   Tədbir çərçivəsində nazir müavini Nazim Səmədovun müxtəlif görüşləri olub. Rusiya Federasiyası mədəniyyət nazirinin müavini Alla Manilova ilə görüşdə bu il iyunun əvvəlində Bakıda Azərbaycan-Rusiya Turizm Forumu, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın davamlı inkişafının təmin edilməsi məqsədilə hazırlanan sazişlə bağlı təfərrüatlar müzakirə edilib.
   Martın 20-də işə başlayan «MİTT-2013» beynəlxalq turizm sərgisi çərçivəsində ilk dəfə olaraq turizm nazirlərinin toplantısı gerçəkləşib. Toplantıya bir çox xarici ölkələrin turizm nazirləri qatılıb. Qonaqlar əvvəlcə «MİTT-2013»ün yubiley, 20-ci sərgisinin açılışında iştirak ediblər.
   Sonra öz işinə başlayan sammitdə beynəlxalq turizmin müxtəlif problemləri müzakirə mövzusu olub. Turist daşımaları həcminin genişlənməsi və infrastrukturun inkişafı üçün zəmin, mədəni və milli xüsusiyyətlərin təbliği ilə səyahətə marağın artırılması, macəra turizminin inkişafı və ayrı-ayrı ərazilərin marketinqi, informasiya texnologiyalarının turizm sektorunda tətbiqi, turistlərin təhlükəsizliyinin təmin edilməsi və s. məsələlər nəzərdən keçirilib.
   Qeyd edək ki, Azərbaycanın turizm imkanları, hər il olduğu kimi, bu il də MİTT sərgisində nümayiş olunub. Sərgidə ölkəmizin 78 kvadratmetrlik stendi qurulub. Mədəniyyət və Turizm Nazirliyi Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Seymur Həsənov ziyarətçilərə Azərbaycan turizmi haqqında məlumat veriblər. Ölkəmizin aparıcı turizm şirkətləri və hotellərindən «SW travel», «Millennium Tourism and Congress», «Spektr travel», «İmprotex travel», «Regea travel», «Turizm.az», «Billur tour», «RX travel», «Geo travel», «Gilan turizm», «Volcano travel», «Paşa travel», «Divan Express hotel», «Çinar Hotel & SPA Naftalan» və «Jumeirah Bilgah Beach hotel» də sərgidə təmsil olunub.

   Fəxriyyə Abdullayeva