“II Türk Dünyası Muzeyləri Görüşü” çərçivəsində keçirilən “Türk dünyasının simvolu – xalça” adlı beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərində I Türk Dünyası Mədəniyyət Forumuna qatılıblar. Burada həmçinin TÜRKSOY Muzeylər Birliyinin yekun toplantısı keçirilib.
Tədbir iştirakçıları il ərzində görülən işlər, əldə olunan nailiyyətlər, gələcək planlar haqqında fikir mübadiləsi aparıblar. Bir sıra təkliflər, o cümlədən TÜRKSOY-un nəzdində Türk Xalça Birliyinin yaradılması ilə bağlı təklif beynəlxalq təşkilatın rəhbərliyinə təqdim edilib.
Qonaqlar Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər. Burada Azərbaycan Milli Xalça Muzeyinin Qazaxıstan Muzeylər Birliyi və Ankara Etnoqrafiya Muzeyi ilə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
Tədbir iştirakçıları mədəni proqram çərçivəsində Şuşa qalası, Cıdır düzü və şəhərin digər görməli yerlərini ziyarət ediblər.
Bununla da Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “II Türk Dünyası Muzeyləri Görüşü” işini yekunlaşdırıb.
TÜRKSOY Muzeylər Birliyinin növbəti görüşü 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Türkmənistanın Anev şəhərində keçiriləcək.