Muzeydə tədbir keçirilib

 

Abdulla Şaiqin Mənzil-Muzeyində “Heydər Əliyev uşaqların gözü ilə” adlı tədbir keçirilib.

Muzeyin direktoru Ülkər Talıbzadə Ulu öndərin 100 illiyinə həsr edilən növbəti tədbirin Azərbaycan uşaq ədəbiyyatının klassiki, böyük pedaqoq Abdulla Şaiqin ocağında keçirilməsinin rəmzi məna daşıdığını qeyd edib. Bildirib ki, uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu öndərin daim diqqətində olub. Ümummilli lider deyirdi ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq.

Abdulla Şaiq adına kitabxananın direktoru Yəmən Əmirova, Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktoru Yeganə Məmmədova “Heydər Əliyev və uşaqlar” mövzusunda  fikirlərini bölüşüblər.

Dərnək üzvləri olan uşaqların ifasında şeir və mahnılar səsləndirilib, səhnəcik göstərilib.

Ümummilli liderin uşaqlara həsr edilən kəlamlarını əks etdirən videoçarxlar nümayiş olunub.