Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1997-ci il 31 may

 

Xalq artisti, görkəmli xanəndə Sara Qədimovanı 75 illik yubileyi münasibətilə təbrik edib. “Füsunkar Qarabağ təbiətinin zənginliyi ilə köklənmiş ecazkar səsinizlə yeni həyat verdiyiniz mahnı və muğamlar Azərbaycan musiqi sənətinin qızıl fonduna həmişəlik daxil olmuşdur”, – deyə təbrik məktubunda vurğulanırdı.

 

1997-ci il 5 iyun

 

Məşhur rusiyalı müğənni İosif Kobzonun Respublika Sarayında keçirilən “Vida qastrolu” zamanı onunla söhbət edib.

“...Məndən soruşdunuz ki, Sizin üçün nə oxuyum? Mənim istədiklərimin hamısını oxudunuz. 60-70-ci illərin mahnıları gözəl idi. O illərdə biz cavan idik, lakin bu mahnılar da ölməzdir... Məsələn, “Durnalar” mahnısı... Bu mahnının necə yaranması mənim xatirimdədir. Yan Frenkel onu Rəsul Həmzətovun sözlərinə bəstələmişdi... Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir şey, heç bir vasitə oynaya bilməz. Sizin bu missiyanız sadəcə olaraq qastrol səfəri, konsertlər vermək deyildir. Bu, əlaqələrin, dostluğun möhkəmlənməsinə xidmət edən böyük işdir.

O ki qaldı “Vida qastroluna”, hesab edirəm ki, bu vida olmayacaqdır. Sizin 60 illik yubileyinizi keçirəcəyik, amma bundan sonra Siz dayana bilməyəcəksiniz. Belə potensialla, belə səslə, enerji ilə Siz evdə oturub qəzet oxuya bilməzsiniz”. (Qeyd: İosif Kobzon daha 20 il səhnədə oldu və 2018-ci ildə vəfat etdi – red.).

 

1997-ci il 7 iyun

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməd Vurğunun “Fərhad və Şirin” pyesinin yeni quruluşda tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə görüşdə çıxış edib.

“Fərhad və Şirin” böyük şairimiz Səməd Vurğunun  mədəniyyətimizə bəxş etdiyi ən böyük töhfələrdən biridir... Öz məzmunu, mənası ilə həddindən artıq təsiredicidir, ibrətamizdir. Bu əsər insan münasibətlərində pak, saf sevgi-məhəbbətin nə qədər güclü, nə qədər ülvi olmasını, eyni zamanda xəyanətin, satqınlığın nə qədər nifrət və ikrah hissləri doğurduğunu parlaq surətdə göstərir.

...Əsərə çox gözəl quruluş verilib. Bilirəm ki, Cənnət xanım (Səlimova – red.) tamaşanın quruluşçu rejissorudur. Onu çoxdan yüksək səviyyəli bir quruluşçu rejissor kimi tanıyıram... O ki qaldı ifaçılara, bir çoxunuzu tanıyıram, bəziləriniz də gəncsiniz, sizləri yeni görürəm. Hamınız öz rollarınızı çox gözəl ifa etdiniz. Bizim görkəmli aktyorumuz Mikayıl Mirzə baş rolu çox gözəl ifa etdi. Fədakar aktyorumuz Həsən Məmmədov uzun illərdir ki, teatrda, kinoda çox fəal çalışır. Çox məmnunam ki, Həsən Məmmədov yenə də səhnədədir və Xosrov rolunu da çox məharətlə ifa etdi.

Şirin rolunu ifa edən Məleykə Əsədova gəncdir. Çox gözəl, təbrik edirəm. Həmişə istəmişəm ki, bütün sahələrdə gənclər olsun... Bu, mütləq lazımdır. Çünki yaşlı nəsil həm gənclərə təcrübə verir, həm də sənətimiz davam edir...”.

 

1997-ci il 17 iyun

 

Xalq artisti Fidan Qasımovanı 50 illik yubileyi münasibətilə təbrik edib. “Milli musiqimizin ənənələrini davam etdirməklə Siz Azərbaycan vokal sənəti üçün yeni üfüqlər açmış, onu keyfiyyətcə yeni bir mərhələyə qaldırmısınız”, – deyə təbrik məktubunda bildirilirdi.

***

Bəstəkar, Xalq artisti Cövdət Hacıyevə 80 illiyi münasibətilə təbrik ünvanlayıb. “Siz ölkəmizdə milli simfonizmin yaradıcılarından biri kimi tanınırsınız. Sənətsevərlərin böyük rəğbətini qazanmış bir sıra əsərləriniz Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur”, – deyə məktubda vurğulanırdı.

 

1997-ci il 18 iyun

 

Özbəkistana rəsmi səfəri zamanı Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrında Arif Məlikovun “İki qəlbin dastanı” baletinə tamaşa edib.

 

1997-ci il 4 avqust

 

Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəri zamanı Çikaqoda Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşüb.

“...Mən Vaşinqtonda gedib Kennedinin qəbrini ziyarət etdim. Orada gözəl sözlər yazılıbdır. Con Kennedi prezident andı içərkən amerikalılara müraciətlə deyibdir: “Siz düşünməyin ki, Amerika sizə nə etməlidir. Düşünün ki, siz Amerikaya nə etməlisiniz”. Bunlar çox müdrik sözlərdir. Mən də Kennedinin bu sözləri ilə sizə deyirəm: Siz düşünməyin ki, Azərbaycan sizə nə etməlidir. Düşünün ki, siz Azərbaycana nə etməlisiniz. Çünki insan harada olur-olsun yaşaya bilər. Bir az pis, bir az yaxşı. Mən həyatın hər bir üzünü görmüşəm. Moskvada, Kremldə oturmuşam və böyük bir villada yaşamışam. Amma sonra oradan gedib Naxçıvanda bir komada yaşamışam. Nə olsun? İnsan yaşayır. Mən də yaşadım.

Demək istəyirəm ki, insan harada olsa yaşayacaqdır. Şərt o deyildir. Şərt odur ki, insan milləti, Vətəni, torpağı üçün nə edir... Hər bir azərbaycanlı fəxr etməlidir ki, nəhayət, Azərbaycan xalqının dünya birliyinə daxil olan müstəqil dövləti vardır. Azərbaycanın məktəbləri, elmi Azərbaycan dilindədir. Heç bir Şərq ölkəsinin bizim qədər böyük mədəniyyəti yoxdur...

...Ürəyim istəyir ki, dünya azərbaycanlıları daha birləşsinlər, daha da sıx olsunlar... Belə olmasın ki, bu o Azərbaycandandır, bu isə bu Azərbaycandandır. Rəhmətlik Şəhriyar bu barədə nə deyib, yadınızdadır? İndi nə olsun ki, vaxtilə aramızı kəsdilər. Aramızı Araz kəsmədi, bizi parçaladılar. Nə olsun? Nə fərqi var ki, biri o tayda, biri bu tayda doğulubdur? Hamısı azərbaycanlıdır. Bütün azərbaycanlıların indi dünyada bir dövləti var. Bu, müstəqil Azərbaycan Respublikasıdır. Gəlin hamımız bu dövlətin, bu Vətənin ətrafında birləşək...”.

Hazırladı: V.Orxan

(davamı var)