55 illik ömür. Ondan çox qəzet və jurnalın redaktoru, naşiri. 40 adda kitab, yüzlərlə bədii, publisistik əsər. O, qorxunc repressiya dalğasına düşməyib 20-30 il də yaşasaydı, bu göstəricilər qat-qat çox olar, bundan ədəbi, ictimai, maarifçi fikrimiz, ədəbiyyatşünaslıq elmimiz daha nələr qazanardı... Şair-publisist, dil tarixçisi, ədəbiyyatşünas-alim, maarifçi və tərcüməçi Əliabbas Müznib.
Tanınmış ziyalı XIX əsr və XX əsrin əvvəlləri klassik ədəbiyyatımızın toplanılması və tədqiqinə mühüm töhfələr verib. Yaradıcılığında milli düşüncə aparıcı yer tutub. Milli təfəkkürünə görə çar, həm də sovet hakimiyyətləri zamanı daim təqib olunub, təhdidlərlə üzləşib. 1912-ci ildə Sibirə sürgün edilib. 1937-ci ildə “burjua millətçisi” kimi bir daha mühakimə olunub və...
Əliabbas Müznibi anadan olmasının 140 illiyi münasibətilə yada salırıq.
Əliabbas Mütəllib oğlu Əhmədov (Müznib) 1883-cü ildə Bakı şəhərində dünyaya göz açıb. İbtidai təhsilini evdə anası Reyhan xanımdan alıb. Sonra mədrəsədə oxuyub və fars dilini öyrənib. Bir müddət sonra rus dili ilə maraqlanır və sənədlərini rus-tatar məktəbinə verir. Bu dili də yaxşı öyrənir. Ancaq maddi çətinliklər üzündən təhsilini davam etdirə bilmir. Atasının yanında daş yonur və xarratlıq edir...
Əliabbas erkən çağlardan ədəbiyyata, yaradıcılığa maraq göstərib. İti qələmi, çılğın milli təəssübkeşliyi ilə ədəbi aləmdə tanınmağa başlayıb. Özünə “Müznib” (ərəbcədən tərcümədə “suçlu” deməkdir) təxəllüsü götürür, ancaq başqa imzalarla da əsərləri, məqalələri dərc olunur. O vaxtlarda o, “Şərqi-Rus”, “Tazə həyat”, “İttifaq”, “Zənbur” kimi qəzet və jurnallarda çıxış edir. 1910-cu ildə özü “Hilal” adlı qəzet nəşr etdirir. Həddindən artıq tənqidçi ruhu ilə diqqəti çəkən qəzetin ilk sayı hələ mətbəədə ikən müsadirə olunur. Bunun səbəbi isə qəzetdə müəllifin “Hökumət, ah, bir insan yeyən qurd, nə pul qoyar, nə bir yurd” misraları ilə başlayan şeiri idi.
Əliabbas Müznib “Tazə həyat” qəzetində və “Molla Nəsrəddin” jurnalının redaksiyalarında Mirzə Ələkbər Sabir, Seyid Hüseyn, Abbasqulu Kazımzadə, Məmmədəli Rəsulzadə və Kərbəlayı Vəli Mikayılov kimi milli düşüncəli ziyalılarla tanış olur. Bu tanışlıq və dostluq onun yaradıcılığına ciddi təsir göstərir. Şeir dili mürəkkəb ərəb-fars tərkibli sözlərdən təmizlənir. İlk satirik yazısı 1909-cu ildə “Zənbur” jurnalında işıq üzü görür. Maraqlı ədəbi yaradıcılığı ilə diqqəti çəkən Ə.Müznib 1910-cu ildə jurnalın baş redaktoru təyin edilir. Şairin 1911-ci ildə nəşr etdirdiyi “Şihab-sağıb” qəzeti də bağlanır. Müznib qısa müddət üçün həbs olunur. Daha sonra isə ömürlük Sibirə sürgün edilir. Üsyankar ruhlu şair Sibirdə də yazmaqdan, tutduğu yoldan qalmır. Qələmə aldığı şeirlərini Bakı mətbuatında dərc etdirir.
Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızı araşdırmasında qeyd edir ki, Ə.Müznibin sürgündən həyat yoldaşı Səriyyə xanıma yazdığı məktubda belə bir cümlə var: “Vətən övladıyam, zülm-zillət istirahətdir mənə”.
Çar II Nikolay 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv fərmanı imzalayır. Ə.Müznib də əfv olunur və Bakıya dönür. Ancaq onun vətənə gəlişi heç də yaxşı qarşılanmır. O, guya məqalələrinin birində dini tənqid edib və ruhaniləri ələ salıb. Buna görə də Şeyx Molla Qəni tərəfindən ölümünə fətva verilir. O, dövrün vətənpərvər ziyalılarının köməyi ilə bu çətinlikdən də qurtarır... Yenidən mətbuat və nəşriyyat aləminə atılan ədib 1914-cü ildə böyük qardaşı Əbülfəz Mütəllibzadənin adına “Dirilik” adlı bir məcmuə nəşr etdirir. Sonra qələmdaşları ilə birlikdə “Açıq söz” qəzetini təsis edir. Eyni zamanda “Molla Nəsrəddin” jurnalının təsiri ilə nəşr olunan “Babayi-Əmir” və “Şeypur” satirik jurnallarının da redaktoru olur.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından ruhlanan Ə.Müznib “Azərbaycan”, “İstiqlal” və “Bəsirət” qəzetlərində dövlətçilik ideyalarını fərəhlə təbliğ edir. “Azərbaycan” qəzetində bir-birinin ardınca “Azərbaycan istiqlalı”, “Azərbaycan təfriqəsi”, “Türk birlik ilə yaşamış və böylə yaşayacaqdır” və başqa milli ruh aşılayan məqalələri dərc olunur. “Yaşıl qələm” ədəbi birliyinə üzv olur və ədəbi müzakirələrin fəal iştirakçısına çevrilir. Bu illərdə o, “Şeypur” dərgisi ilə yanaşı, “Övraqi-nəfisə” jurnalına da redaktorluq edir.
Xalq Cümhuriyyətinin süqutundan sonra bir çox vətənpərvər ziyalılarımız kimi, Ə.Müznibin də qara günləri başlanır. O, 1926-cı ildə təqaüdə çıxır və heç yerdə iş tapa bilmir. Beş övladı, qoca ata-anası ilə çətin şəraitdə yaşamalı olur. Mətbuatla nəfəs alan ədib birdən-birə sevdiyi sahədən ayrılır və ədəbi araşdırmalara başlayır. 1927-1937-ci illər arasında o, XIX-XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət 10 kitab ərsəyə gətirir. Bu sırada “Türk tarixi”, “Yusif və Züleyxa”, “Tiran rolu”, “Nəsrəddin məzhəkələri”, “Aşıq Pəri və müasirləri” və s. kitabları maraqla qarşılanır.
Ə.Müznib 12 dekabr 1936-cı ildə həbs edilir. İstintaq işi 1937-ci ildə başa çatır. “Burjua-millətçi” fəaliyyətinə, bolşevizm əleyhinə iş apardığına, həmçinin əsərlərində Bakı kommunasına böhtan atmaqda, Osmanlı qoşunlarının Bakıya gəlməsini alqışlamaqda təqsirli bilinib və 8 il azadlıqdan məhrum edilib. Tanınmış şair-publisist 28 avqust 1938-ci ildə Vladivostokdakı xüsusi düşərgədə haqq dünyasına qovuşub. 1956-cı ildə ona ölümündən sonra bəraət verilib.
Ədibin “Seçilmiş əsərləri” 2003-cü ildə ədəbiyyatşünas İslam Ağayevin tərtibatı, ön sözü və lüğətlə çap olunub. Professor Hüseyn Həşimli isə 2004-cü ildə müəllifin “Ürək yanğısı” hekayəsini ön sözlə çap etdirib.
Savalan Fərəcov