Yakutiyadakı poeziya festivalında ölkəmiz də təmsil olunub

 

Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasında “Böyük qarın alqışı” VII Beynəlxalq Poeziya Festivalı keçirilib. 11-14 oktyabr tarixlərində keçirilən festivalda ölkəmizi şairi və publisist, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı təmsil edib.

M.K.Ammosov adına Şimal-Şərqi Federal Universitetində təşkil olunan festivalının açılış mərasimində çıxış edən Ramiz Qusarçaylı ölkəmizlə bağlı danışıb. Universitetin tələbələri R.Qusarçaylının rus və yakut dillərinə tərcümə olunmuş şeirlərini söyləyiblər.

Qazaxıstan, Qırğızıstan, eləcə də Rusiyanın tanınmış yazıçı və şairlərinin də iştirak etdikləri festival günlərində Yakutiyanın tanınmış ədibləri – şair Semyon və yazıçı Safron Danilov qardaşlarının abidəsi, onların doğulduğu kənddə ev-muzeyləri ziyarət olunub, bir sıra görüşlər keçirilib.

Keçirilən tədbirlərdə, poeziya və musiqi axşamlarında iştirakçılara xalqımızın adət-ənənələri, ədəbiyyatımız barədə də məlumat verilib.

Festivalın bağlanış tədbirində Saxa (Yakutiya) Respublikasının mədəniyyət və mənəvi inkişaf naziri Afanasi Noyev Ramiz Qusarçaylını Azərbaycan və Saxa (Yakutiya) respublikaları arasındakı yaradıcı xidmətlərinə görə fəxri fərmanla təltif edib. Azərbaycanlı şairə Saxa (Yakutiya) Yazıçılar Birliyinin fəxri diplomu təqdim olunub.

“Böyük qarın alqışı” adlı Beynəlxalq Poeziya Festivalı 2012-ci ildən etibarən Yakutiyanın Xalq şairi Semyon Danilovun şərəfinə hər iki ildən bir keçirilir.