Dünyanın “milyarderlər klubu”nda üst sıralarda yerdəyişmə baş verib. “Bloomberg” agentliyinin yenilədiyi məlumata görə, “Amazon.com Inc” kompaniyasının qurucusu Ceff Bezos dünyanın ən varlı insanları siyahısında “LVMH Moet Hennessy Louis Vuitton” kompaniyasının rəhbəri Bernar Arnonu qabaqlayaraq ikinci yerə keçib.

“Amazon” səhmlərinin bahalaşması nəticəsində Ceff Bezosun sərvəti ilin əvvəlindən bəri 49,3 milyard dollar artaraq 156 milyard dollara çatıb. 2023-cü ildə 6,95 milyard dollar itirən Bernar Arnonun varidatı isə 155 milyard dollara enib.

“Bloomberg Billionaires Index” versiyasına görə, hazırda dünyanın ən varlı insanı “Tesla” kompaniyasının rəhbəri İlon Maskdır. 52 yaşlı biznesmenin varidatı ilin əvvəlindən bəri 96,8 milyard dollar artaraq 234 milyard dollara çatıb.

Qeyd edək ki, “Tesla” kompaniyasının səhmləri ilin əvvəlindən bu yana 106 faiz, “Amazon”un səhmləri 58 faiz bahalaşıb, LVMH kompaniyasının kapitallaşması isə 2,1 faiz aşağı düşüb.

Bu üçlüyün toplam varidatı (545 milyard dollar) Yaponiya və Almaniya kimi ölkələrin ümumi daxili məhsulundan çoxdur.

Bu arada Cef Bezosun “Blue Origin” kosmik şirkəti kosmik logistikaya istiqamətlənən “Blue Ring” çoxfunksional platformanı təqdim edib. Beşillik istismar müddəti üçün nəzərdə tutulan platforma orbitdə yanacaqla doldurula və digər kosmik aparatları yanacaqla doldura bilər. “Blue Origin” işlənmə ilə bağlı bütün xərcləri üzərinə götürür və platformanı tam hazır xidmət kimi təklif edir.

Belə iddialı məqsədə nail olmaq üçün “Blue Origin” gələcəkdə minlərlə insanın kosmosda yaşayacağı və işləyəcəyini nəzərə alaraq, dəfələrlə istifadə edilə bilən raketlərin, orbit stansiyalarının və Aya eniş aparatlarının yaradılması üzərində işləyir.