“AİTF-2013” 30-dan çox ölkədən turizm şirkətlərini bir araya gətirəcək
   
   Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış sərgisi olan “AİTF - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi” bu il 12-ci dəfə Bakıda keçiriləcək.
   
   Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində baş tutacaq sərgidə dünyanın 30-dan çox ölkəsindən turizm sektorunun müxtəlif istiqamətlərini təmsil edən şirkət və təşkilatlar iştirak edəcək. Ənənəvi sərgiyə bu dəfə də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fəal dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə «ITE Group plc» və onun tərəfdaşı «Iteca Caspian» MMC çıxış edir.
   
   19 ölkə milli stendi ilə çıxış edəcək
   
   “AİTF” sərgisinin layihə koordinatoru Xəyal Əliyevanın sözlərinə görə, bu il sərgiyə 200-dən çox şirkət və qurum qatılacaq ki, onlardan da 40%-i daimi iştirakçılardır. Sərgidə 19 ölkə öz milli stendi ilə çıxış edəcək. Ötən sərgilərin daimi iştirakçıları olan Türkiyə, Gürcüstan, Çexiya, BƏƏ, Rusiya və s. ölkələrlə yanaşı, bu il Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransanın nümayəndə heyətləri Bakıya gələcəklər: “Bu il müəyyən müddət fasilədən sonra sərgi ziyarətçiləri yenidən Misir turoperatorlarının təklifləri ilə tanış ola biləcəklər. Sərgi meydançasının təxminən 90%-i tutulub. Bir sıra iri şirkətlər bu il öz stendlərinin ölçüsünü əhəmiyyətli dərəcədə (Türkiyə və Gürcüstan təmsilçiləri iki dəfə) genişləndiriblər. Sərgidə «SilkWay Travel», «Millennium Tour», «Gilan Turizm», «N-Travel», «Smart Holiday» və s. aparıcı yerli turizm şirkətləri də iştirak edəcək. Bu il yerli iştirakçıların sırasına «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu da qoşulacaq”.
   Sərgi koordinatoru qeyd etdi ki, bir çox aviaşirkət və avia-agentliklər həm milli qrupların tərkibində, həm də ayrıca stendlərdə təqdim olunacaqlar. Məsələn, «Turkish Airlines», «China Southern Airlines», «Air Astana», «Adria Airways» (Sloveniya) ayrıca stendlərlə çıxış edirlər. AZAL konserni də sərgidə genişləndirilmiş ekspozisiyası ilə iştirak edəcək.
   
   Turizm bazarı maksimum əhatə olunacaq
   
   Həmsöhbətimiz bildirdi ki, sərgi iştirakçıları turizmin müasir təmayüllərini, xidmətlərin çeşidlərini geniş nümayiş etdirəcəklər. Buraya turoperatorlar və turizm agentlikləri, mehmanxanalar, mehmanxana şəbəkələri, sanatoriya və pansionatlar, macəra turizmi, biznes səfərlərinin təşkili, idman, ekoloji və təhsil turizmi, eləcə də elit istirahət sahəsində ixtisaslaşmış şirkətlər daxildir: «Builki sərgidə həmçinin tibbi turizm sahəsi də geniş şəkildə təqdim olunacaq. İlk dəfə olaraq «AİTF-2013»ün ekspozisiyasında getdikcə populyarlaşan «Xaricdə daşınmaz əmlak» bölümü fəaliyyət göstərəcək. Bu ekspozisiyada Yunanıstan, Kipr və Türkiyə iştirak edəcək».
   
   Yeni turizm istiqamətləri
   
   Sərginin mühüm bir cəhətini yeni turizm istiqamətləri təşkil edəcək. X.Əliyevanın sözlərinə görə, Azərbaycandan turist axınını optimallaşdırmağa çalışan İndoneziya, Macarıstan, Sloveniya və Tunisin nümayəndələri Bakıya səfər edəcəklər. Monako, Kanada, Mərakeş və Tunis sərgidə ilk dəfə iştirak edir. Sərgi günlərində iştirakçılar öz stendlərində təqdimat və seminarlar, habelə müxtəlif lotereya və putyovka uduşları da keçirəcəklər.
   
   Azərbaycanın 22 bölgəsi öz imkanlarını nümayiş etdirəcək

   
   «AİTF-2013» sərgisi eyni zamanda Azərbaycanın turizm potensialı ilə tanışlıq meydançasına çevriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovdan aldığımız məlumata görə, son illərdə turizm sahəsində keçirilən islahatlar və bu sektora dövlət tərəfindən göstərilən qayğı nəticəsində müsbət dinamika müşahidə olunmaqdadır. Son beş il ərzində Azərbaycana səfər edən turistlərin və daxili turizmdən istifadə edən ölkə vətəndaşlarının sayında artım turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən biri kimi böyük potensiala malik olduğunu göstərir: «2001-ci ildən başlayaraq hər il paytaxt Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir. 2010 və 2011-ci illərdə «AİTF» sərgisi çərçivəsində nazirliyin təşkilatçılığı ilə I və II Ümumrespublika Daxili Turizm Sərgisi gerçəkləşib. Azərbaycan Prezidenti 2010-2012-ci illərdə sərgilərin açılışında iştirak edib. Bu, turizm sənayesinin Azərbaycan iqtisadiyyatında oynadığı əhəmiyyətli rolu, habelə sərginin yüksək statusunu təsdiq edir. Sərgidə ilbəil iştirakçı sayı artır. 2011-ci ildə sərgidə 24 ölkədən 179 şirkət, 2012-ci ildə 32 ölkədən 203 şirkət təmsil olunub”.
   Nazirlik təmsilçisi bildirdi ki, bu il də «AİTF» çərçivəsində Azərbaycanın daxili turizm potensialı yüksək səviyyədə nümayiş etdiriləcək. Gəncə, Xaçmaz, Xızı, İsmayıllı, Qax, Qəbələ, Quba, Qusar, Lerik, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Oğuz, Salyan, Sumqayıt, Şamaxı, Şəki, Tovuz, Lənkəran, Zaqatala, Balakən - ümumilikdə 22 regionun geniş ekspozisiyası həm yerli, həm də xarici turoperatorlar üçün turizm çeşidlərini zənginləşdirməyə imkan verəcək: «Hər stenddə bölgələrin özünəməxsus sənətkarlıq nümunələri, mətbəxi, folkloru, tarixi abidələri, muzeyləri nümayiş olunacaq. Eyni zamanda regionlarda fəaliyyət göstərən hotellər və istirahət mərkəzləri də təmsil etdikləri rayonlar üçün ayrılmış lövhədə öz məhsullarını təqdim edəcəklər».
   
   Tvinninq layihəsinin təqdimat konfransı
   
   Sərgi çərçivəsində «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» adlı tvinninq layihəsinin təqdimat konfransı keçiriləcək. Layihə Avropa İttifaqı adından çıxış edən Avstriya Federal Təchizat Agentliyi (FTA) və Litva Dövlət Turizm Departamentinin iştirakı ilə reallaşdırılır.
   
   Türkiyə sərgidə 30 şirkətlə təmsil olunacaq
   
   Builki sərgidə Türkiyənin stendi ötən ilkindən iki dəfə böyük olacaq. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslanın sözlərinə görə, sərgidə qardaş ölkədən 30-dək şirkət iştirak edəcək: «Türkiyədən bu sərgiyə çox ciddi maraq var. Təxminən ölkənin 30-a yaxın şirkətini təmsil edən 80 nəfərlik nümayəndə heyəti bu sərgiyə qatılacaq. Həmçinin mədəniyyət nümunələri və teatr oyunları da sərgidə nümayiş olunacaq».
   Qeyd edək ki, aprelin 1-də Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin veb saytının (www.turkiye.az) təqdimatı və 2013-cü ilin reklam kampaniyaları ilə mətbuat konfransı keçirilib. Seyid Əhməd Arslan bildirib ki, 15 mart tarixindən etibarən Bakının mərkəzi küçələrində, avtobusların, taksilərin üstündə, xəbər agentliklərində Türkiyə ilə bağlı reklam kampaniyası başlayıb, xüsusi videoçarx hazırlanıb və bu görüntülərdə Türkiyənin ayrı-ayrı regionlarının turizm potensialı nümayiş olunub. Kampaniya 3 ay davam edəcək.
   Müşavir Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım müşahidə olunduğunu da bildirib. Onun sözlərinə görə, 2011-ci ildə Türkiyəyə 578 min azərbaycanlı turist gəlmişdisə, keçən il turistlərin sayı 591 min nəfəri keçib: «Azərbaycanlı turistlər əsasən Antalyanı, İstanbulu, İzmir və Ankaranı ziyarət edir».
   
   «HOREX Caucasus”a 7 ölkədən 30-dan çox şirkət qatılacaq
   
   Hər il olduğu kimi, bu il də «AİTF» sərgisi ilə eyni meydançada regionun mehmanxana və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri - «HOREX Caucasus-2013» VII Qafqaz Beynəlxalq «Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar» sərgisi də baş tutacaq. «Iteca Caspian» şirkətindən verilən məlumata görə, «HOREX Caucasus-2013» sərgisində mehmanxana və restoran biznesi, eləcə də biznes müəssisələri üçün məhsullarını nümayiş etdirən Azərbaycan, Almaniya, İtaliya, Kanada, Lüksemburq, Türkiyə və Rusiyanın 30-dan çox şirkəti iştirak edəcək.
   Stendlərdə tekstil dizaynı və müxtəlif növ interyerlər üçün dekorlar üzrə məhsullar, mehmanxanalar üçün kosmetik vasitələr və ətriyyat, beşulduzlu hotellərdən tutmuş «fast-food» sistemində fəaliyyət göstərən müəssisələrədək müxtəlif profillər üçün peşəkar mətbəxin yaradılması üzrə avadanlıqlar, restoranlar üçün qab-qacaq, təmizlik vasitələri və avadanlıqlar, restoranlar şəbəkəsi üçün idarəetmə üzrə proqram təminatı və digər məhsullar nümayiş etdiriləcək. Sərginin «Hotel, restoran və kafelər üçün içkilər» («HoReCa») bölümündə isə şərab, məşhur brendlərin istehsalı olan çay və qəhvə, eləcə də içməli su növləri nümayiş etdiriləcək.
   İştirakçılar öz stendlərində təqdimatlar və ustad dərsləri keçirəcək, iştirakçı və ziyarətçilər yeni avadanlıqları bilavasitə istismar şəraitində görə biləcəklər. Qeyd edək ki, iki sərginin birlikdə keçirilməsi mehmanxana nümayəndələrinə «HOREX Caucasus-2013» sərgisində nümayiş etdirilən yeni texnologiyalarla birbaşa tanış olmaq üçün imkan yaradır.

   Fəxriyyə Abdullayeva