Havaların istiləşməsi ilə əlaqədar martın 31-dən etibarən «Şahdağ» Qış-Yay Turizm Kompleksində qış mövsümü ilə bağlı müvafiq xidmətlərin fəaliyyəti dayandırılıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumatda bildirilir ki, ölkəmizdə davamlı turizmə nail olmaq məqsədilə yaradılan «Şahdağ» kompleksi müasirliyi və universallığı ilə fərqlənəcək.
   Xatırladaq ki, Qusar rayonu ərazisində 1300-2300 metr yüksəklikdə yerləşən «Şahdağ» Qış-Yay Turizm Kompleksində birinci mərhələ üzrə infrastruktur obyektlərinin bir qismi, o cümlədən «Zirvə» və “Qaya” hotelləri 2012-ci il dekabrın 20-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb.
   «Zirvə» hotelində 40 nömrə, restoranlar, bar, kafe, bilyard zalı, xizək avadanlıqlarının icarəsi, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı, «Qaya» hotelində isə 62 nəfər turist üçün nəzərdə tutulan 26 nömrə, restoran və s. obyektlər var. Kompleksdə xizək enişlərinə qalxmaq üçün 4 ədəd asma kanat yolu mövcuddur. Məlumatda bildirilir ki, 19 yanvardan kompleksdə qonaqların qəbuluna başlanılıb və ötən müddətdə 50 minə yaxın yerli və əcnəbi turist “Şahdağ”a səfər edib.
   2013-cü ilin birinci yarısında kompleksdə daha bir 4 ulduzlu hotelin qonaq qəbuluna hazır olması planlaşdırılır. Burada 173 nömrə, 3 konfrans zalı, 6 restoran, SPA mərkəzi, üzgüçülük hovuzu və s. obyektlər fəaliyyət göstərəcək.
   
   Fəxriyyə Abdullayeva