Paytaxtımızda növbəti beynəlxalq turizm və səyahətlər sərgisi
Aprelin 4-də Bakı Sərgi Mərkəzində XII Azərbaycan beynəlxalq turizm və səyahətlər («AİTF-2013») və VII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (HOREX) sərgilərinin açılış mərasimi keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «İTE Group plc» və onun tərəfdaşı «İteca Caspian» MMC-lərin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, turizmin inkişafında da mühüm nailiyyətlər əldə edilib.
Nazirin sözlərinə görə, ötən il ölkəmizi 2 milyon 500 min xarici vətəndaş ziyarət edib: «Çalışırıq, bu rəqəm qarşıdakı illərdə daha da artsın. Azərbaycan Dünya Turizm Təşkilatının ən fəal üzvlərindəndir və ölkənin turizm sektoru böyük inkişaf yolundadır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə turizm obyektlərinin sayı artmaqdadır. Bu ilin ən uğurlu işlərindən biri də “Şahdağ” Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsidir. Fəaliyyətə başlamasından keçən qısa müddətdə yeni kompleksi 50 minə yaxın yerli və əcnəbi turist ziyarət edib».
Əbülfəs Qarayev qeyd etdi ki, artıq 12-ci dəfə keçirilən AİTF sərgisi hər il özünəməxsus yeniliklərlə yadda qalır. Sərgi çərçivəsində görüşlər gerçəkləşir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, layihələr, məlumatlar açıqlanır: «Bu möhtəşəm sərgidə iştirakçı ölkələrin coğrafiyası da hər il genişlənir. Məhz bunun nəticəsidir ki, builki sərgidə 35 ölkədən 60-dan çox istiqaməti təqdim edən 251 şirkət iştirak edir. Sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir. Builki sərgidə Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turoperatorları ilk dəfə iştirak edir. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çex Respublikası və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer alıb. 20 ölkə milli stendləri ilə çıxış edir. Həmçinin, sərgidə Azərbaycanın 20-dən çox bölgəsinin turizm potensialı nümayiş olunur».
«İTE Group plc» şirkətinin direktoru Edvard Stroon ənənəvi AİTF sərgilərinin əhəmiyyətindən danışaraq bildirdi ki, ötən dövr ərzində bu tədbirlərdə iştirak edən xarici şirkətlərin sayının artması Azərbaycanda yaradılmış münbit şəraitdən xəbər verir.
Xarici şirkətlər sərgiyə böyük maraq göstərir
Açılış mərasimindən sonra qonaqlar sərgi ekspozisiyasına daxil oldular. Qeyd edək ki, builki sərgidə dünyanın 35 ölkəsindən hava yolları və aviaagentliklər, turoperatorlar və turizm şirkətləri, mehmanxanalar, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin, idman, ekoloji və maarifləndirici turizmin, eləcə də elit istirahətin təşkili ilə məşğul olan şirkətlər iştirak edir. Geniş ekspozisiya sahəsi ilə çıxış edən ölkələrdən biri də Sloveniyadır. Bu ölkənin təmsilçilərindən turizm, ticarət və işgüzar inkişaf üzrə «RENE» agentliyinin turizm bölməsinin direktoru Alenka Vidmar qəzetimizə açıqlamasında bildirdi ki, artıq 5-ci dəfədir ki, AİTF sərgisində iştirak edirlər. Builki sərgiyə Sloveniyadan 5 turizm şirkəti və bir neçə termal kurort qatılıb. Onun sözlərinə görə, Bakı sərgisində iştirak etməklə çox geniş əlaqələr yaradırlar: «Dünyanın bir çox ölkələrinin təmsilçiləri ilə əməkdaşlıq qurmaq imkanımız olur. Ən əsası isə, azərbaycanlı ziyarətçilərlə birbaşa əlaqələr yaradırıq. Son illər Azərbaycandan Sloveniyaya müalicə və istirahət məqsədilə gələnlərin sayı artıb. Düşünürəm ki, bunda AİTF sərgisinin də payı var».
Balkanlardan daha bir iştirakçı, «Montenegro Stars» hotellər qrupunun rusiyalı təmsilçisi Nadejda İvanenko isə bildirdi ki, Azərbaycanla turizm sahəsində əməkdaşlıqda çox maraqlıdırlar. Onun sözlərinə görə, artıq bir neçə aydır Monteneqro Azərbaycanla viza rejimini ləğv edib: «Məqsəd azərbaycanlı turistləri ölkəmizə cəlb etməkdir. Monteneqro turizm sahəsi üzrə müxtəlif xidmətlər təklif edir. Burada müalicəvi termal sular, dağ turizmi, dənizsahili istirahət və s. üstünlük təşkil edir. Avropa standartlarına uyğun turizm infrastrukturumuz var. Turizm mövsümü mayın əvvəllərində başlayır, sentyabrın sonunda yekunlaşır. Qarşıdakı aylarda Bakı-Podqoritsa marşrutu ilə çarter reysləri təşkil etmək niyyətindəyik. İlk reys iyunun 6-da reallaşacaq».
Sərgidə özünəməxsus görünüşü ilə diqqəti cəlb edən stendlərdən biri də Türkiyəyə məxsusdur. Qeyd edək ki, ötən ildən fərqli olaraq qardaş ölkə bu il ekspozisiya sahəsini iki dəfə artırıb. Sərgidə 27 türk şirkəti iştirak edir. «Ani Tour Holidays» şirkətinin turist qəbulu departamentinin rəhbəri Günay Fərzəliyeva bildirdi ki, Türkiyədə bu sərgiyə çox böyük maraq var: «Dünyanın bir çox ölkələrindən turist qəbul edən Türkiyədə azərbaycanlıların da sayca üstünlük təşkil etməsini istəyirik».
Ölkəmizin turizm imkanlarının rəngarəng təqdimatı
«AİTF-2013» çərçivəsində Azərbaycanın daxili turizm potensialının təqdimatı da yüksək səviyyədə qurulub. Sərgidə Gəncə, Xaçmaz, Xızı, İsmayıllı, Qax, Qəbələ, Quba, Qusar, Lerik, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Oğuz, Salyan, Sumqayıt, Şamaxı, Şəki, Tovuz, Lənkəran, Zaqatala, Balakən - ümumilikdə 22 şəhər və rayonun gəzməli-görməli yerləri təqdim olunur. Hər bölgənin stendində sənətkarlıq nümunələri, mətbəxi, folkloru, tarixi abidələri, muzeyləri, hotelləri və istirahət mərkəzləri nümayiş edilir.
Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Ömərovun sözlərinə görə, sərgidə «Səngər Qala», «El-Resort», «Yaşıl park», «Ulu dağ», «Eden» mehmanxanaları və «Şəfa» müalicə pansionatı təqdim olunur. Şöbə müdiri qeyd etdi ki, sərgidə iştirak etmək onlara əməkdaşlıq qurmaqda çox kömək edir. Bu isə rayona gələn turistlərin sayına təsir göstərir: «Ötən il Qaxa 15 min turist gəlib. Ondan əvvəlki il bu rəqəm 10 min nəfər təşkil edirdi. Bir ildə turist sayının 5 min nəfər artmasında sərgilərdə iştirak etməyimizin böyük rolu var».
Masallının stendi də maraqlı görünüşü ilə diqqəti cəlb edirdi. Burada rayonun üç istirahət mərkəzi, sənətkarların əl işlərindən ibarət dulusçuluq, sandıq, həsir nümunələri, Masallı mətbəxi, folklor rəqs qrupları təbliğ olunurdu.
Naxçıvanın stendində «Təbriz», «Qrand Naxçıvan», «Duzdağ» və «Avtovağzal» mehmanxanaları təqdim olunur. Stenddə muxtar respublika sənətkarlarının əl işləri, reklam-informasiya materialları yer alıb. Eyni zamanda qablaşdırılmış məhsullar (konfetlər, halvalar, şirniyyatlar-mürəbbələr, bitki çayları), mineral sular, daş duz və qablaşdırılmış duz, meyvə şirələri də stenddə yer almışdı.
2013-cü ilin “Folklor paytaxtı” Zaqatala isə sərgidə «İS Oil», «Zaqatala» hotelləri və rəqs qrupları ilə təmsil olunur. Rayonun özünəməxsus mətbəx nümunələri də ziyarətçilərin diqqətini cəlb edirdi.
Qeyd edək ki, «AİTF-2013» sərgisinin builki yeniliklərindən biri də burada «Xaricdə əmlak» adlı bölmənin açılmasıdır. İlk dəfə olaraq təqdim edilən bölmə ziyarətçilərin və iştirakçıların böyük marağına səbəb olub.
Sərgi aprelin 6-dək davam edəcək.
F.Abdullayeva