Aprelin 3-də Bakıda “Four Seasons” hotelində Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə Amerikanın Mehmanxana və Qonaqpərvərlik Tədrisi İnstitutunun («American Hotel & Lodging Education İnstitute» - AHLEİ) təqdimat mərasimi keçirildi.
   
   Tədbirdə çıxış edən AZTA idarə heyətinin sədri Nahid Bağırov bildirdi ki, iki qurum arasında 2011-ci ilin avqustunda əməkdaşlıq haqqında memorandum imzalanıb: “Razılaşmaya əsasən, AZTA-nın dəvəti ilə 2011-ci ildə AHLEİ-nin əməkdaşları Azərbaycanda fəaliyyət göstərən hotellərdə xidmətin keyfiyyətinin artırılması məqsədilə müxtəlif istiqamətlərdə treninqlər, seminarlar keçdilər. Bu treninqlərin dinləyiciləri artıq digər hotel əməkdaşları üçün kurslar keçmək imkanındadırlar. Bu tədbirlərə təkcə hotel əməkdaşları yox, həm də hotel biznesi sahəsində çalışmaq istəyən vətəndaşlarımız da qatıla bilirlər. Bir məqamı da qeyd edim ki, Amerika Mehmanxana və Qonaqpərvərlik Tədrisi İnstitutunun mütəxəssislərinin təcrübəsindən dünyanın əksər ölkələrində yararlanırlar».
   AZTA sədri bildirdi ki, ötən ildən assosiasiyanın tərkibində Qonaqpərvərlik üzrə Biznes Məktəbi (QBM) fəaliyyət göstərir. Bu, Azərbaycanda qonaqpərvərlik sənayesinin birbaşa əlaqə, nəzarət və idarəetmə səviyyəsində müxtəlif peşə sertifikatları təklif edən ingilis dilində ilk təhsil proqramıdır: «AHLEİ-nin “ixtisas sertifikatları», qonaqpərvərlik idarəçiliyi diplomu, «ikili diplom», eləcə də orta məktəb kurikulumu, “Qonaqpərvərlik və turizm idarəçiliyi proqramı” bu məktəbin elmi konsepsiyasının tərkib hissəsidir».
   Nahid Bağırov qeyd etdi ki, indiyə qədər AZTA Turizm İnstitutunun müəllimləri üçün ilk QSM (“Qonaqpərvərlik üzrə sertifikatlaşdırılmış müəllim”) seminarını təşkil edib. Mükafat qazandıran bu proqram dünyada qonaqpərvərliyi tədris edənlər üçün yeganə peşə inkişafı imkanıdır və daha çox öyrənmə motivasiyasını təmin etmək üçün onlara imkanlar verir.
   AZTA sədrinin sözlərinə görə, indiyədək AHLEİ ilə birlikdə bir neçə dəfə mehmanxana əməkdaşları üçün treninqlər təşkil edilsə də, təəssüf ki, ölkəmizdəki hotellərin əksəriyyəti bu tədbirlərə qatılmayıb: «Təhsil dərəcəsindən asılı olaraq bu kursların müddəti 3 aydan 6 aya qədərdir. Sirr deyil ki, bizim mehmanxanalarımızda xidmətin keyfiyyəti ilə bağlı kifayət qədər ciddi problemlər var. Amma onlar yaradılmış şəraitdən istifadə edərək bu problemləri aradan qaldırmaq istəmirlər. Bütün bunlar isə sonda Azərbaycanda turizmin inkişafına mane olur”.
   Qonaqpərvərlik üzrə Biznes Məktəbinin direktoru George Ubbelohde bu sahədə zəngin təcrübəyə malikdir, beynəlxalq qonaqpərvərlik sənayesi üzrə bir neçə ölkədə təlimlərə rəhbərlik edib. O, AHLEİ-nin fəaliyyət istiqamətləri, təşkil etdikləri treninqlər və onların əhəmiyyəti, institutun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
   George Ubbelohde qəzetimizə açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi Qonaqpərvərlik üzrə Biznes Məktəbində hazırda 6 müəllim fəaliyyət göstərir: “Komandamız mehmanxana əməkdaşlarına, turizm sahəsində çalışan və oxuyan müəllim və tələbələrə təlim keçərək onların peşəkar inkişafını gücləndirmək, eləcə də onları Azərbaycanın qonaqpərvərlik biznesləri ilə əlaqələndirmək niyyətindədir».

    Fəxriyyə Abdullayeva