Hər il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyi regionlarda turizm obyektlərinin yay mövsümünə hazırlığını yoxlayacaq. 
   Bu barədə jurnalistlərə məlumat verən nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirdi ki, bundan əlavə, may ayında Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycanın regionlarında mehmanxana əməkdaşları üçün treninq kursları təşkil ediləcək. Bu kurslar da hər il ənənəvi olaraq keçirilir.
   Şöbə müdiri qeyd etdi ki, ölkədə turizm sahəsində lazımi infrastruktur mövcuddur, lakin xidmət istənilən səviyyədə deyil. Regionlarda qiymətlərə gəlincə, Aydın İsmiyev son 2-3 il ərzində mehmanxana və mehmanxana tipli obyektlərdə qiymətlərin ildə orta hesabla 5-10% endiyini dedi: “Hazırda ölkədə 514 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir və rəqabət artdıqca, qiymətlər də aşağı düşəcək”.
   Türkiyənin turizm məkanlarında istirahətin Azərbaycana nisbətən ucuz olması ilə bağlı suala cavabında nazirlik rəsmisi qeyd etdi ki, Türkiyədə bu sahə on illərdir ki, inkişaf edir. O cümlədən Antalya 1980-ci illərdən dövlətin dəstəyi ilə turizm regionu kimi inkişaf etdirilir: “Hazırda Antalyada istirahət bölgələrində 1500-dək hotel fəaliyyət göstərir və məhz bu rəqabət qiymətlərin aşağı olmasının əsas səbəbidir”.

   Fəxriyyə