Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə turizm şirkətləri və KİV nümayəndələri üçün Bakının Suraxanı rayonu ərazisindəki «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğuna infotur təşkil edildi. 50 nəfərlik heyətin iştirak etdiyi tur “Atəşgah məbədi”ndə aparılmış bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanışlıq, eyni zamanda qoruqla turizm şirkətləri arasında əməkdaşlığın qurulması məqsədi daşıyırdı.
   
   Qeyd edək ki, 2009-cu ildən «Atəşgah məbədi» ərazisində genişmiqyaslı bərpa və konservasiya, elmi-tədqiqat, abadlaşdırma işləri həyata keçirilir. Bu il martın 29-da Prezident İlham Əliyev burada aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
   «Atəşgah məbədi» Azərbaycanın maddi mədəniyyət abidələri sırasında özünəməxsus yer tutur. XVII-XVIII əsrlərə aid abidə UNESCO-nun «Dünya irsi siyahısı»na daxil edilməsi məqsədilə gözləmə siyahısına təqdim olunub.
   
   Atəşpərəstlərin qədim etiqad yeri

   
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev bildirdi ki, ölkəmizə gələn turistlər arasında “Atəşgah məbədi”nə hər zaman böyük maraq olub. Nazirlik nümayəndəsi infoturun turizm şirkətləri ilə qoruqlar və mədəniyyət obyektlərinin sıx əməkdaşlığının qurulması baxımından da əhəmiyyətini qeyd etdi.
   Sonra «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babayi infotur iştirakçılarına abidə ilə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, abidənin tarixi eramızdan əvvəl III-II minilliklərə gedib çıxır. Həmin vaxt bura atəşpərəstlərin etiqad yeri olub. VIII əsrdə Azərbaycanda İslam dininin yayılması və ərəb işğalından sonra bura dağıdılıb. Sonralar, XVII əsrin sonu - XVIII əsrin əvvəllərində abidə bərpa olunub: “O vaxt məşhur İpək Yolu Azərbaycandan keçirdi, bir çox ölkələrlə sıx ticarət əlaqələri vardı. Bu ölkələrdən biri də Hindistan idi. XVIII əsrdə ticarət məqsədilə Azərbaycana, o cümlədən Abşerona hindlilərin axını yaranmışdı. Onlar Atəşgahdan öz dini etiqadlarına uyğun istifadə etməyə başlamışdılar. Varlı hindli tacirlərin köməyi ilə Bakı xanı bu ərazini onlara ticarət məqsədilə verib. Həmin dövrdə hindlilər bu ərazinin ətrafını abadlaşdırıb özlərinin sitayiş yerinə çeviriblər. Bu səbəbdən də bəzi tarixi mənbələrdə Atəşgah hindlilərin adı ilə bağlanır. Əslində isə, qeyd etdiyim kimi, Atəşgah qədimdən ölkəmizdə atəşpərəstlərin etiqad yeri olub. XVI əsrdən başlayaraq Azərbaycana gələn məşhur səyyahların hamısı Atəşgahı ziyarət edib».
   Rəşid Babayi qeyd etdi ki, XVII əsrdə məbədin ətrafında ibadətxana, 26 hücrə və karvansara inşa edilib. Məbədə gələn zəvvarlar burada istirahət ediblər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli alıb. Hazırda 5 hücrə tamamilə hazırdır. Digər hücrələrdə də tamamlama işləri gedir. Beşkünc planda tikilmiş abidənin həyətində yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır: “Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - «Balaxana» yerləşir. Azərbaycan memarlığının elementlərini özündə əks etdirən tikili özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlayıb. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı var. Bundan başqa, məbədi odla təmin edən qaz xətləri, 2 qurbangah, atəşpərəstlərin ölü yandırdıqları yer var. Bildiyiniz kimi, atəşpərəstlərin dini qaydalarına görə, ölünü torpağa qoymaq olmazdı, torpaq müqəddəs hesab edilirdi. Bu səbəbdən də onlar ölüləri xüsusi hazırlanmış yerlərdə yandırırdılar».
   
   Ötən il «Atəşgah məbədi»nə 15 minə yaxın turist gəlib
   
   R.Babayinin sözlərinə görə, hazırda məbədin yaxınlığında kompleks inşa olunur. Burada idarə, muğam evi, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər və rəsm qalereyası fəaliyyət göstərəcək.
   Təmir-bərpadan sonra qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Qoruğun ərazisində xüsusi memarlıq üslubunda yaradılan muzeydə Abşeron yarımadasının mədəni irsinə aid memarlıq və arxeoloji abidələrin nümunələrindən ibarət ekspozisiya təqdim olunur. Muğam evində ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə müxtəlif konsertlərin təşkili nəzərdə tutulur. Direktor qeyd etdi ki, aprelin 15-dən sonra əsas bina tamamilə turistlərin ixtiyarına veriləcək: «Qiymətlər əvvəlcədən müəyyənləşdirildiyi kimi, böyüklər və xaricilər üçün 2 manat, tələbələr üçün 1 manat, məktəblilər üçün 20 qəpikdir. Bizim üçün turizm şirkətləri ilə əməkdaşlıq çox vacibdir. Çünki onların köməyi olmadan biz bura turist gətirə bilmərik. İndiyə qədər qoruqda bərpa işləri getdiyinə görə turizm şirkətləri ilə elə də sıx əməkdaşlıq edə bilmirdik. Amma «Dərviş travel», «İmprotex travel», «Millennium turizm» kimi şirkətlərlə əlaqələrimiz vardı. İndi isə bu şirkətlərin sırasını genişləndirmək niyyətindəyik. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutan bugünkü infoturun məqsədi də elə budur. Mən özüm əməkdaşlarımızı turizm şirkətlərinə göndərirəm. Hazırda bizim idarədə rus, ingilis, fransız, türk dilli bələdçilərimiz var».
   Ötən il «Atəşgah məbədi»nə 14 min 560 nəfər turist gəldiyini deyən qoruq direktoru bildirdi ki, turizm şirkətləri ilə sıx əməkdaşlıq turist sayının qat-qat artmasına səbəb olacaq.
   
   Turizm şirkətləri əməkdaşlıqda maraqlıdır
   
   «Okey Tour» turizm şirkətinin turist qəbulu üzrə meneceri Tural Ələsgərov infoturu yüksək qiymətləndirərək Bakıda və regionlarda yerləşən əksər tarixi-mədəniyyət obyektləri ilə əməkdaşlıq etdiklərini qeyd etdi: «Atəşgah, Yanardağ, Qobustan qoruqları ilə sıx əməkdaşlığımız var. Hər həftə sonu Qobustana, Qala və Atəşgaha turlar təşkil edirik. Məktəbli və tələbələri, eyni zamanda xarici turistləri bu tarixi-mədəni qoruqlarla tanış edirik. Atəşgah təmirdə olduğuna görə bura turlarımız bir qədər zəifləmişdi. Amma bundan sonra bu səfərlər mütəmadi olaraq reallaşdırılacaq. Bir məqamı da qeyd edim ki, indiyədək xüsusilə xarici turistləri buraya gətirəndə yarım saatlıq ekskursiya nəzərdə tuturduq. Çünki onların dincəlməsi üçün şərait yox idi. Artıq burada turistlərin rahatlığı üçün yaxşı şərait yaradılıb. Onlar həm dincələ, həm də özləri üçün suvenirlər ala biləcəklər».
   «Gilan Turizm»in satış meneceri Vəfa Həsənova da əvvəllər “Atəşgah məbədi”nə turist qrupları göndərdiklərini dedi. Şirkət nümayəndəsi qeyd etdi ki, xarici turistlər buraya səfər etməkdə çox maraqlıdırlar.
   
   Fəxriyyə Abdullayeva