“Qurban Pirimovun tarı sanki xalqımızın ürəyinin atəşindən yaranmışdı”

 

Tar ifaçılıq sənətimizin inkişafı və təbliğində əvəzsiz xidmətləri olan sənətkarlardan biri də Xalq artisti Qurban Primovdur. Görkəmli tarzən uzun illər ustad xanəndə Cabbar Qaryağdıoğlunun muğam üçlüyündə fəaliyyət göstərib, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasında orkestrin solisti olub. İfaçı kimi səs-sorağı Avropayadək yayılıb...

Qurban Baxşəli oğlu Pirimov 30 oktyabr 1880-ci ildə Şuşa qəzasının Abdal-Gülablı kəndində (indiki Ağdam rayonunun Gülablı kəndi) dünyaya göz açıb. Əslən XVIII əsrin adlı-sanlı sənətkarı Aşıq Valehin şəcərəsindən olub. Baxşəli kişi özü də saz ifaçısı olub. Söz-sənət mühitində böyüyən Qurban erkən çağlardan musiqiyə maraq göstərir. Saz, balaban, nağara, zurna kimi çalğı alətlərində ifa etməyi öyrənir.

Oğlunun istedadlı gənc olduğunu görən Baxşəli kişi onu Şuşa şəhərinə aparır. Tarzən Mirzə Sadıqla (Sadıqcan) görüşür. O, Qurbanın ifasına, musiqi duyumuna diqqət yetirir və bəyənir. Qurban ustadından tar ifaçılığının sirlərini mükəmməl öyrənir. Gənc ikən Qarabağda tar ifaçısı kimi tanınır. 1903-cü ildən musiqi məclislərində xanəndə İslam Abdullayevi müşayiət edir, el şənliklərinə qatılır. 1905-ci ildə Gəncədə toy şənliklərindən birində Qurban İslam Abdullayevin vasitəsilə Cabbar Qaryağdıoğlu ilə tanış olur. Xanəndə sonralar həmin görüşü belə xatırlayır: “Qurban İslam ilə bizim görüşümüzə gəlmişdi. Mən Qurbana bir qədər tar çaldırdım. Onun gözəl çaldığını gördüm. İslamın razılığı ilə onu özümlə Bakıya gətirdim”.

Görkəmli xanəndə mükəmməl ifası ilə tanınan və sevilin gənc Qurbanı yaratdığı üçlüyə qəbul edir. Bir müddət sonra üçlüyün səs-sorağı Qafqaza və onun hüdudlarından kənara yayılır. İyirmi ilə yaxın fəaliyyət göstərən üçlük Cənubi Qafqaz və Orta Asiyanın şəhərlərində, Kiyev və Moskva, İranda qastrol səfərlərində olur. İfa etdiyi muğam əsərləri 1906-1916-cı illərdə Riqa, Varşava və Kiyevdə səsyazma şirkətləri tərəfindən qrammofon vallarına yazılır.

Görkəmli tarzən milli opera sənətinin yaranmasında da yaxından iştirak edir. Əsl dost kimi dahi bəstəkar Üzeyir Hacıbəyliyə böyük sənət yollarında mənəvi dəstək olur. Araşdırmalarda qeyd edilir ki, 12 yanvar 1908-ci ildə Tağıyev teatrında ilk nümayişi olan “Leyli və Məcnun” operasının tamaşasına hazırlıq zamanı bəzi çətinliklər yaranır.

Musiqişünas Elmira Abbasova “Qurban Pirimov” adlı kitabında bu barədə yazır: “Qurban Pirimov orkestrdə çalan musiqiçilər kimi dəvət olunmuş tarzənlər qrupuna rəhbərlik etməli idi. Lakin Üzeyir Hacıbəyovun xatırladığı kimi, “onlarda hansısa melodiyanın ifası ilə bağlı fikir ayrılıqları yarandı. Bu mübahisə o qədər ciddi oldu ki, operanın ilk tamaşasına Qurban Pirimov istisna olmaqla, tarzənlərdən heç biri gəlmədi”. Beləliklə, Q.Pirimov Azərbaycanda yaranmış musiqi teatrının tarixinə düşdü”.

Araşdırmalarda o da qeyd edilir ki, görkəmli bəstəkarların bir sıra məşhur əsərləri Q.Pirimovun  bənzərsiz ifasının təsirindən yaranıb. Çünki o, məharətlə ifa etdiyi muğamlarla qəlb və könüllərə yol açıb, bənzərsiz ifası ilə bir orkestrın işini görüb.

Bəstəkar Reynqold Qliyer 1934-cü ildə səhnəyə qoyulan “Şahsənəm” operasının ən gözəl leytmotivlərini Q.Pirimovun “Arazbarı” və “Qarabağ şikəstəsi” çalğısından ilhamlanaraq yaradıb. Həmçinin Üzeyir Hacıbəyli özünün şah əsəri “Koroğlu”, Müslüm Maqomayev isə “Nərgiz” və “Şah İsmayıl” operalarında bir çox musiqi parçalarını onun ifasına uyğun bəstələyiblər. Sonralar bəstəkar Fikrət Əmirov da “Şur” və “Kürd-ovşarı” simfonik muğamları üzərində işləyərkən Q.Pirimovun köməyinə müraciət edib.

Böyük bəstəkar Qara Qarayev isə Q.Pirimovun sənətini belə səciyyələndirib: “Onun tarı sanki adi taxtadan və sümükdən düzəldilmiş bir alət deyil, xalqımızın ürəyinin atəşindən yaranmışdı. Bu qocaman sənətkarın ifasına həyəcansız qulaq asmaq mümkün deyildi”.

Ustad tarzən uzun illər müəllim kimi də fəaliyyət göstərib. 1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında iştirak edib. Onun Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov kimi Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələrinin yetişməsində mühüm xidmətləri var.

Yaradıcılığının ilk illərindən milli musiqinin inkişafına töhfələr verən sənətkarın əməyi yüksək qiymətləndirilib. 1929-cu ildə “Əməkdar artist”, 1931-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Mədəniyyət tariximizdə silinməz izlər qoyan Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakıda vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.

S.Fərəcov