I yazı

Teatr asılqandan başlayır. Bu məşhur ifadəni kim bilmir ki? Bəs asılqan harada olur? Təbii ki, teatr binasında. Yox, məqsədimiz teatr qarderobunun əhəmiyyətindən bəhs etmək deyil. Mövzumuz başqadır. Bakının memarlıq incilərindən sayılan teatr binalarının tarixindən söhbət etmək istəyirik. 

 

Bir eşq macərası, yoxsa gəlirli iş?

 

Bakıdakı Opera və Balet Teatrının binasının tikilməsinin əfsanəyə və yaxud məhəbbət nağılına oxşar tarixçəsini yəqin eşitmisiniz. Belə nəql edilir ki, XX əsrin əvvəlində, 1910-cu ildə Rusiyanın məşhur opera müğənnisi Antonina Nejdanova Bakıya gəlir. Gəlir… və çıxış etmək üçün normal şəraiti olan teatr binası tapmır. Vokalçı xanımın şərəfinə verilən ziyafətdə ondan bir də Bakıya nə zaman təşrif buyuracağını xəbər alanda primadonna küskün və qəti cavabını verir ki, heç vaxt. Səbəbi? Bu şəhərdə opera səhnəsi yoxdursa, gəlməyin nə mənası var? Mən sirk, ya da kazino səhnəsində çıxış etməyə alışmamışam. Guya bu cavab da Bakı milyonçularının möhkəm xətrinə dəyir, xüsusən də xanıma bir könüldən min könülə aşiq olmuş milyonçu Mayılov qardaşlarından biri söz verir ki, bir ilə xanımın səsinə, görkəminə yaraşan teatr binası tikdirəcək.

Nə qədər romantik əhvalata oxşasa da, həqiqət başqadır. Ən azı o səbəbdən ki, Antonina Nejdanova heç vaxt Bakıda olmayıb.

Həqiqət isə bunu deyir ki, soyadındakı “-yan” sonluğunu daha asan iş qurmaq rahatlığına görə rus “-ov”una güzəştə getmiş milyonçu Mailyan qardaşları, sadəcə, neft bumu və sürətli urbanizasiya dövrü yaşayan Bakının nəbzini tutmuşdular. Varlı insanların artdığı, üstəlik, Avropadan iş adamlarını cəlb edən Bakıda opera teatrının tikilməsi milyonçu üçün neft qazancı ilə müqayisə olunmasa da, hər halda gəlir mənbəyinə çevrilə bilərdi.

 

Gerçək faktlar, bir də şayiələr

 

Rusiyada nəşr olunan “Rampa və həyat” jurnalının 19 aprel 1909-cu il tarixli 16-cı sayında belə bir xəbər verilib: “Bakı. Yerli milyonçuların nümayəndəsi Milanın “Dal Verme” teatrına oxşayan yeni möhtəşəm opera teatrının layihəsini sifariş vermək üçün Peterburqa yola düşüb... Söz gəzir ki, onun tikintisinə yarım milyon rubldan çox pul lazım gələcək”. Lakin nə nümayəndənin kimliyi, nə də məchul təmsilçinin Peterburqdan hansı xəbərlə döndüyü barədə məlumat var. Deyəsən, bu da şayiə imiş…

Bir il sonra, 2 may 1910-cu il tarixli “Kaspi” qəzetində bir məlumat dərc olunur. Mayılov qardaşları Ticarət (Torqovı) küçəsi 399-cu məhəllədəki torpaq sahəsində teatr üçün bina tikilməsi barədə şəhər rəisinə layihə təqdim ediblər. Renessans üslubunda tikiləcək binanın əsas giriş və çıxış qapısının Ticarət küçəsindən olacağı deyilir. Binanın digər özəllikləri ilə yanaşı, ilin isti aylarında kiçik buzdoğrayan maşının işlədiləcəyi, havanın bu maşında soyudularaq teatrın içinə ötürüləcəyi də planlaşdırılır...

Bina, dövrün inşaat texnikasının səviyyəsini nəzərə alsaq, rekord müddətdə – on aya inşa olunur. Tikintidə iş üç növbədə aparılırmış. Hər növbədə də 200 fəhlə çalışırmış. Gecələr tikinti meydanını güclü projektorlar işıqlandırırmış.

Opera teatrı binasının istifadəyə verilməsi münasibəti ilə “Bakines” qəzeti yazırdı: “Biz memar Bayevin enerjisi, istedadı və tükənməz əməksevərliyi qarşısında baş əyirik. Həqiqətən də, heç də hər memar yeddi-səkkiz ay ərzində bomboş ərazidə belə dəbdəbəli, möhtəşəm bina ucalda bilməzdi. Bu opera teatrı Bakı üçün misilsiz bəxşişdir. Çox fərqli əhalisi olan belə böyük şəhər üçün təkcə Tağıyev teatrı kifayət deyil...”.

 

Tikintiyə son, sənətə davam

 

“Mayılov qardaşlarının böyük opera teatrı” adı verilmiş yeni teatr 1911-ci il fevralın 28-də pərdələrini açdı. Teatrın səhnəsində ilk çıxış edən truppa anterprenyor, indiki dillə desək, prodüser M.P.Xryukovun “Russkaya opera” kollektivi olur. Açılışda Modest Musorqskinin “Boris Qodunov” operası göstərilir.

1912-ci ildə Mayılov qardaşları teatr binasını 19 min rubla anterprenyor Mussuriyə icarəyə verdilər. Yalnız 1916-cı ildə Bakıda daimi çalışan musiqili teatr fəaliyyətə başladı. Anterprenyor P.İ.Amiraqonun opera truppası bu binada yerləşdi və rus, Avropa bəstəkarlarının opera və operettalarını davamlı oynamağa başladı.

Yeni, bolşevik hökumətinin “Teatrlar, kino və muzeylərin milliləşdirilməsi haqqında” 17 may 1920-ci il tarixli ilk dekretindən sonra Bakıdakı bütün teatrlar hökumətin sərəncamına keçdi və bu binada fəaliyyət göstərən rus operası Azərbaycan Dövlət Opera və Balet Teatrı adlanmağa başladı. Yalnız 1925-ci ildə Azərbaycan opera truppası dram teatrından ayrılaraq buradakı rus truppası ilə birləşdirildi. Beləcə, Azərbaycan bəstəkarlarının milli operaları bu binada müntəzəm nümayiş məkanı qazandı.

Binaya gəlincə, teatrda ilk rekonstruksiya işləri 1938-ci ildə görülüb. İkinci dəfə bərpa işlərinə 1982-ci ildə başlansa da, qəfil baş verən güclü yanğın (belə bir fərziyə var ki, bina qəsdən onu tikmiş milyonçu qardaşların müasir soydaşları tərəfindən yandırılıbmış) səbəbindən bərpa işləri 1987-ci ilədək uzandı.

Budur, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası yenə bərpaya bağlıdır. Tam məlumatımız olmasa da, Bakının mərkəzində İtaliyanın bir parçasını xatırladan incə və möhtəşəm, bir əsrdən çoxdur musiqi zövqümüzü cilalamaqla məşğul olan sənətkarların çalışdığı, Azərbaycan paytaxtına təşrif buyuran hər kəsi öz gözəlliyi və kollektivinin ustalığı ilə heyrətləndirən teatr daha gözəl görkəmdə və daha mükəmməl imkanlarla yenidən öz tamaşaçılarına qovuşacaq.

***

Biz niyə ilk növbədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının inşa tarixçəsini vərəqlədik? Birinci və ən mühüm səbəb odur ki, bu, Bakıdakı teatr binaları arasında yeganə tikilidir ki, məhz musiqili teatr tamaşalarının göstərilməsi üçün nəzərdə tutulub, tarixi boyunca yalnız opera və balet sənətçilərinə xidmət edib.

Digər səbəbi anlatmaq üçün kiçik tarixi ekskurs etmək lazım gələcək. Sirr deyil ki, inqilaba (1917) qədər Bakıdakı zəngin insanların arasında ermənilərin sayı az olmayıb. Və bir gün bir qrup azərbaycanlı zəngin şəxs onları narahat edən məsələyə aydınlıq gətirmək, məsləhət almaq üçün Hacı Zeynalabdin Tağıyevin yanına gəlirlər. Deyirlər ki, ay Hacı, nəsə eləmək lazımdır, yoxsa ermənilər Bakıda hamımızdan daha çox mülk sahibi olacaqlar. Hacı da özünəməxsus uzaqgörənliklə yol göstərir: mane olmayın, qoy tiksinlər, gedəndə binaları özləri ilə aparmayacaqlar.

Gedənlər gedib, bu tikili isə indiyədək olduğu kimi, bundan sonra da hələ neçə il Azərbaycan incəsənətinə xidmət edəcək...

Yeri gəlmişkən, paytaxtın Nizami küçəsi 9 ünvanında yerləşən tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

Gülcahan Mirməmməd