Yazıçı-tərcüməçi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Dünya ədəbiyyatı şöbəsinin müdiri Nəriman Əbdülrəhmanlı Qazaxıstan Prezidentinin müvafiq sərəncamı ilə II dərəcəli “Dostluq” ordeni ilə təltif edilib.
O, qardaş ölkənin ali mükafatına Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Ordeni yazıçı-tərcüməçiyə oktyabrın 24-də Qazaxıstan Respublikasının milli bayramı münasibətilə Bakıda keçirilən qəbul zamanı Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel tərəfindən təqdim olunub.
Qeyd edək ki, Nəriman Əbdülrəhmanlı qazax nəsrindən bir sıra tərcümələri ilə tanınır. O, böyük Abayın “Qara sözlər” fəlsəfi traktatını, 54 yazıçının əsərlərindən nümunələrin toplandığı “Qazax nəsri” antologiyasını, qazax detektiv ədəbiyyatının yaradıcısı Kemel Tokayevin “Gecə açılan atəş” povestlər toplusunu və görkəmli yazıçısı Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” kitabını Azərbaycan dilinə çevirib, eyni zamanda, dövri mətbuatda bir sıra qələm sahibləri haqqında məqalələr dərc etdirib. O, hazırda daha bir bənzərsiz qazax yazıçısı Sətimjan Sanbayevin əsərlərinin tərcüməsi üzərində işləyir.