Polşa paytaxtında Varşava Universiteti Şərqşünaslıq fakültəsinin təşkilatçılığı, Azərbaycan, Türkiyə və Qazaxıstanın Polşadakı səfirlikləri, habelə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə “Polşa və Türk dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın açılışında Varşava Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Pyoter Taraça, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Qazaxıstan səfiri Alim Kirabayev, Türkiyə müvəqqəti işlər vəkili Çağdaş Bilgin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Leyla Həsənova çıxış ediblər.

Konfrans işini sessiyalarda davam etdirib.

Azərbaycana aid sessiyada AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, dosent Əfşan Şəfiyeva, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov və başqalarının məruzələri dinlənilib. Qafqaz Tarixi Mərkəzinin direktoru, politoloq Rizvan Hüseynov Gəncəsar alban monastırının epiqrafik yazıları mövzusunda məruzə edib.

Konfransın sonunda “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və İctimai Televiziyanın yardımı ilə ərsəyə gətirdiyi “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filmi nümayiş olunub.

İctimai birliyin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva ingilis dilində təqdim olunan film haqqında məlumat verib. Ssenari müəllifi Müsəllim Həsənov konfrans iştirakçılarının filmlə bağlı suallarını cavablandırıb.