Dünyaca məşhur müğənni və bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatının 15-ci ildönümündə Ukraynanın paytaxtı Kiyevdəki abidəsi ziyarət edilib.
Oktyabrın 25-də Azərbaycanın Ukraynadakı Səfirliyinin əməkdaşları Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.
Səfir Seymur Mərdəliyev bildirib ki, Ukraynada Müslüm Maqomayevin sənətinin çoxsaylı pərəstişkarları var və xatirəsinə hər zaman ehtiram göstərilir. O, dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, bu gün də sevilir, anılır. “Azərbaycan musiqi mədəniyyəti tarixində onun öz yeri var. Zaman keçir, illər dəyişir, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi nəinki azalmır, əksinə, daha da artır. Bu gün Müslüm Maqomayev təkcə azərbaycanlı kimi yox, həm də bəşəri sənətkar kimi qəbul edilir, tanınır.
Qeyd edək ki, Müslüm Maqomayevin Ukraynanın paytaxtında abidəsi Azərbaycan dövlətinin dəstəyi ilə ucaldılıb. 2018-ci il iyulun 18-də Kiyevin Şevçenko rayonundakı park-meydanda açılışı olan abidənin müəllifi mərhum heykəltaraş soydaşımız, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdur. 2020-ci ildə parka Müslüm Maqomayevin adı verilib.