AİTF-2013 işgüzar görüş və razılaşmalar, maraqlı təqdimatlarla yadda qaldı
      
   Bakıda keçirilən XII Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi (“AİTF-2013”) aprelin 6-da işini yekunlaşdırdı. Xəzər regionunun turizm və mehmanxana sənayesi üzrə ən böyük ixtisaslaşdırılmış sərgisi olan AİTF dünyanın 35 ölkəsindən 251 şirkəti bir araya gətirdi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən artıq 12-ci dəfə keçirilən sərginin beynəlxalq nüfuzunu Dünya Turizm Təşkilatı (UNWTO) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyasının (İTTFA) tədbirə verdiyi dəstək də sübut edir.
   
   2013-cü ilin turizm mövsümündə yeni üfüqlər
   
   Sərginin artan nüfuzu xarici sahibkarların tədbirə göstərdikləri maraq və iştirakçı coğrafiyasının genişlənməsində də özünü göstərir. Builki sərgi Azərbaycanın zəngin turizm potensialını da əyani nümayiş etdirdi, 2013-cü ilin turizm mövsümündə yeni üfüqlər açdı. Turizm şirkətlərimiz həm xaricdə, həm də ölkə daxilində istirahətin təşkili üzrə geniş xidmət çeşidini təklif edirdilər. Ölkəmizin zəngin təbii şəraiti, mətbəxi, tarixi-mədəni irsi olan iyirmidən çox regionu öz turizm imkanlarını sərgiləyərək xarici şirkətlərin və ziyarətçilərin diqqətini cəlb etdi.
   Sərgidə 20 ölkənin milli stendlə iştirakı da «AİTF»in artan nüfuzunu göstərdi. Sərgi günlərində indoneziyalıların bambukdan hazırlanmış ksilofon alətində gözəl ifaları, isveçrəlilərin təklif etdikləri dadlı yeməklər ziyarətçi cəlb etmək uğrunda əsl rəqabətin getdiyini göstərirdi. Şərq bəzək məmulatları ilə maraqlanan, Qərb ölkələrinin eksklüziv içkilərini, ətirli qəhvələri dadmaq istəyən, tərəvəz və meyvələrdən düzəldilmiş «heykəltəraşlıq» nümunələrindən zövq alan ziyarətçilərin istəyini pulsuz putyovkalar və nəqliyyat biletləri təklif edən oyunların xoş həyəcanı tamamlayırdı. Sərgi çərçivəsində müxtəlif görüşlər keçirildi, müqavilələr imzalandı, yeni turizm proqramları və qiymət siyasəti müzakirə olundu.
   
   Sərgi təqdimatlarla zəngin oldu
   
   Hər il olduğu kimi, bu dəfə də sərgi çərçivəsində bir sıra təqdimatlar oldu. Bu xüsusda Avropa İttifaqının «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının genişləndirilməsi» adlı tvinninq layihəsinin təqdimatını ayrıca qeyd etmək gərəkdir. 9 milyon avroluq büdcəyə malik olan 15 aylıq layihə Litvanın Turizm üzrə Dövlət Departamenti və Avstriya Federal Təchizat Agentliyi tərəfindən həyata keçiriləcək.
   Yunanıstanın «Aegean Airlines» şirkəti 28 may tarixində açılması planlaşdırılan Bakı-Afina birbaşa aviareysini, Azərbaycanın milli hava daşıyıcısı «AZAL» konserni isə Bolqarıstana yeni aviamarşrutu təqdim etdi. Bakı Ekspo Mərkəzinin konfrans zalında Dubayın «Atlantis Holidays» şirkətinin «ah2020.com» ünvanlı yeni «online»-sifariş sisteminin təqdimatı da maraqla qarşılandı. Macarıstandan nümayəndə heyəti isə yay mövsümündə həftədə iki dəfə həyata keçiriləcək Budapeşt-Bakı birbaşa aviareysinin açılmasının nəzərdə tutulduğunu bildirdi. «Pulse Management» şirkəti «Beach house collection: Maldiv adaları» mövzusunda seminar keçirdi. Daha bir yenilik isə «Xaricdə daşınmaz əmlak» adlı bölümün təqdimatı oldu.
   Beləliklə, «AİTF-2013» sərgisi bu il də müxtəlif ölkələrin turizm ekspertləri və səyahət həvəskarlarının, aparıcı turizm şirkətləri və sahibkarlarının beynəlxalq görüş yerinə çevrildi. AİTF-lə eyni vaxtda gerçəkləşən «Horex Caucasus-2013» 7-ci Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi isə qonaqpərvərlik sahəsində yeni xidmətlərin aparıcı istehsalçıları və distribütorları ilə tanış olmaq, səmərəli müqavilələr imzalamaq və etibarlı podratçılar əldə etmək üçün imkan yaratdı.      


   “AİTF-2013” ümidlərimizi doğrultdu”
   
   Yuliya Çerezova, «Nomos Travel» (Yunanıstan) şirkətinin icraçı direktoru:
   
   - Şirkətimiz böyük potensiala malikdir və «AİTF» sərgisində ilk dəfə iştirak edir. Məqsədimiz Yunanıstanı özümüz gördüyümüz kimi, yəni tarix və mədəniyyət, günəş və dənizlər ölkəsi kimi təqdim etməkdir. Sərgidə ziyarətçilərin ölkəmizin mədəniyyətinə olan böyük marağını gördüm. İnsanları yalnız hotel, çimərlik və əyləncə mərkəzləri deyil, həm də muzeylər, tarixi memarlıq abidələri, rəsm qalereyaları maraqlandırır. Əlbəttə, bu, çox xoşdur! Yerli turoperatorlarla əməkdaşlıq sahəsində bir neçə müqavilə imzaladıq. Sərginin yüksək səviyyədə təşkil olunmasını, Bakı Sərgi Mərkəzinin pavilyonlarındakı mehriban mühiti və peşəkarlığı xüsusi qeyd etmək istəyirəm. Mən turizm sahəsində 15 illik fəaliyyətim dövründə bir çox sərgidə olmuşam. «AİTF» sərgisi insanın özünü evdəki kimi hiss etməsinə şərait yaradır. Biz ilk dəfə martın əvvəlində Azərbaycan-Yunanıstan işgüzar forumu çərçivəsində Bakıda olduq. Həmin vaxtdan yenidən Azərbaycana qayıtmaq istəyirdim və səbirsizliklə bu sərgini gözləyirdim. Əminliklə deyə bilərəm ki, sərgi bütün ümidlərimizi doğrultdu.
   Təmsil etdiyim «Nomos Travel» şirkətinin Afinada yerləşən baş ofisi ilə yanaşı, Rodos, Kit və Korf şəhərlərində də filialları mövcuddur. 28 may tarixindən etibarən «Aegean Airlines» aviaşirkəti tərəfindən həftədə iki dəfə Afina-Bakı-Afina aviareysi üzrə uçuşlar təşkil ediləcək. Azərbaycanlı turistlərin nəzərinə çatdırıram ki, qarşıdan gələn mövsüm üçün «all-inclusive» sistemi əsasında uçuş, transfer, hotellərdə yerləşdirmə və qidalanma xərcləri də daxil olmaqla, orta qiyməti həftəlik 500 avro təşkil edən turizm paketlərimiz hazırdır. Azərbaycan vətəndaşları üçün vizaların tez bir zamanda verilməsi ilə bağlı kömək göstərilməsi barədə Yunanıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi ilə razılaşmamız var. Azərbaycan vətəndaşlarını səbirsizliklə Yunanıstanda gözləriyik.
   
   
   Budapeşt-Bakı birbaşa aviareysinin açılışı planlaşdırılır
   
   Mixay Aranoşşi, Macarıstanda turizm üzrə məsləhətçi:
   
   - Macarıstanın milli korporasiyası olan «Macarıstan Turizm» QSC-nin əsas məqsədi ölkənin turizm potensialını xaricdə təbliğ etməkdir. Korporasiyanın Moskvadakı ofisinə bu ilin 1 yanvar tarixindən ölkəmizin turizm məhsullarını Azərbaycan, Qazaxıstan, Özbəkistan və Belarusda təşviq etmək tapşırığı verilib.
   Bu istiqamətdə Azərbaycanda ilk addım «AİTF-2013» sərgisində iştirakımız oldu. Ötən il keçirilən sərgini ziyarət etmişdim və həmin sərgi mənə turizm sahəsində yüksək səviyyəli işgüzar forum təəssüratı bəxş etmişdi, odur ki, builki sərgidə iştirak etmək barədə qərar qəbul etdik. Stendimizdə 4 turoperator, 1 mehmanxana şəbəkəsi, 2 hotel və «Wizz Air» aviaşirkəti təmsil olunur. Azərbaycan vətəndaşlarını Macarıstanla tanış etmək və yerli turoperatorlarla əməkdaşlıq yaratmaq üçün sərgidə 4 əsas turizm məhsulunu təqdim edirik. Bunlara ölkənin paytaxtı Budapeşt, Avropanın ən böyük göllərindən biri - Balaton gölündə istirahət, işgüzar turizmin təşkil olunması (MICE - iclaslar, həvəsləndirici tədbirlər, konfranslar və sərgilər) və Macarıstanda müalicəvi-sağlamlıq turizmi daxildir.
   Qeyd etmək istəyirəm ki, bu ilin yay mövsümündə həftədə iki dəfə gerçıkləşəcək Budapeşt-Bakı birbaşa aviareysinin açılışı planlaşdırılır. Bu layihənin reallaşması ölkələrimiz arasında fəal turist mübadiləsi üçün böyük imkan yaradacaq. Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutor stendimizə baş çəkərək vəd etdi ki, səfirlik Azərbaycan vətəndaşlarına vizaların verilməsi ilə bağlı məsələlərdə bütün lazımi köməkliyi göstərəcək.
   Sərgidən çox razıyıq, ölkəmizə olan maraq çox böyükdür. Milli stendin bütün iştirakçıları yerli şirkətlərlə danışıqlar aparıblar və müqavilələr imzalayıblar. «AİTF-2013» sərgisi Azərbaycanla əməkdaşlığın genişləndirilməsi baxımından bizim üçün başlanğıc nöqtəsidir. Stendimizdə təqdim olunan bütün şirkətlər 2014-cü ildə keçiriləcək sərgidə də iştirak etmək istədiklərini bildiriblər.
   
   
   “Gələn il də Bakı sərgisində iştirak edəcəyik”
   
   Amin Sqayer, Tunis Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri:

   
   - İlk dəfədir ki, Azərbaycanda turizm sərgisində iştirak edirik və deyə bilərəm ki, bu sərgi Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən sərgilərdən heç də geri qalmır. Tunisin milli turizm idarəsi turoperator olaraq Azərbaycanla davamlı işgüzar əlaqələrin yaradılmasında maraqlıdır. Bizim «AİTF-2013» sərgisində iştirakımız daha çox tədqiqat-reklam xarakteri daşıyır, perspektivdə isə bazarı dərindən öyrənmək istəyirik. Hələlik Tunisə birbaşa aviareyslər olmadığından turist qruplarının kütləvi mübadiləsindən danışa bilmərik. Düşünürəm ki, belə bir reys təşkil edildikdən sonra ölkələrimiz arasında turizm sahəsində razılaşmalar əldə olunacaq. Tunisə səfər etmək istəyən insanlar indi Azərbaycandan Türkiyə və Ukrayna vasitəsilə ölkəmizə gəlirlər. Biz Tunisə yaxından maraq göstərən yerli həmkarlarla ünsiyyətin nəticələrindən razıyıq və hesab edirik ki, stendimizi ziyarət edənlərin bir çoxu gələcəkdə turoperatorların potensial müştəriləri ola bilər. Buna görə də sərgidə iştirakımızdan çox razıyam. Əminəm ki, biz gələn il də «AİTF» sərgisində yenidən iştirak edəcəyik.
   
   Fəxriyyə Abdullayeva