Oktyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və qardaş Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunmuş III Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumu işə başlayıb.

Tədbirdən əvvəl simpozium çərçivəsində qrafik dizayn sərgisinə baxış keçirilib.

BDU-nun rektoru Elçin Babayev tədbiri açaraq 2023-cü ilin Türk dünyası və Azərbaycan üçün əlamətdar olduğunu deyib. Bildirib ki, artıq azad Qarabağımız Türk dünyasının birləşmə nöqtəsinə – siyasi, iqtisadi, mədəni tədbirlərin keçirilmə məkanına çevrilir. Bu il “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşada bir çox mötəbər tədbirlər, o cümlədən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçirilib.

Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir qeyd edib ki, türk dövlətləri böyük bir ailədir. Bu ailənin həmişə güclü olması üçün türkdilli dövlətlərin mətbuat, mədəniyyət xadimlərinin, alimlərinin üzərinə böyük vəzifə düşür.

Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti İnsan hüquqları və mədəniyyət kafedrasının müdiri Nazire Taşpolatova, Qazaxıstan Avrasiya Universiteti Jurnalistika fakültəsinin dekanı Kairat Omirbayulya, Şimali Kipr Türk Cümhuriyyətinin Lekfe Avropa Universiteti Kommunikasiya fakültəsinin dekanı Elif Asude Tuncay çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Tədbirdə BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

Simpoziumun açılış mərasimindən sonra Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə bu günlərdə Ankarada keçirilən VIII Türk Dünyası Sənədli Film Festivalında baş mükafatı qazanan rejissor Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi nümayiş olunub.

Xalq artisti Vaqif Mustafayev filminin ərsəyə gəlməsindən danışıb. Qeyd edib ki, dahi bəstəkar haqqında film çəkməklə özümü xoşbəxt hiss edirəm. Bu filmin mənim yaradıcı həyatımda xüsusi yeri var. Rejissor filmin 5 dilə tərcümə olunduğunu bildirib.

Xatırladaq ki, “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən ənənəvi festivalda mükafata layiq görülən filmlərin nümayişi Azərbaycandan, Bakıdan başlanır.