Bakıda səfərdə olan Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Heyns Boyer və beynəlxalq əlaqələr üzrə prorektoru Karl Ensfelner Azərbaycan Turizm İnstitutunda tələbələrlə görüşüblər.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov iki ali təhsil müəssisəsi arasında əməkdaşlıqdan söz açaraq indiyədək institutun 57 tələbəsinin bakalavr pilləsi üzrə Azərbaycan-Avstriya turizm proqramını uğurla başa vurduğunu deyib: «Hazırda məzunlarımız «Hilton Baku», «Four Seasons», «Jumeirah Bilgah Beach», «Marriotte Absheron», «Fairmont», «Kempinski Badamdar» kimi yeni hotellərdə müxtəlif vəzifə sahibidirlər. Bəziləri Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri kimi turizmi prioritet seçən ölkələrdə işləyir, bəziləri isə Şotlandiya, Türkiyə, Almaniyada təhsillərini davam etdirirlər».
Heyns Boyer İMC Krems Tətbiq Elmlər Universitetinin müxtəlif ölkələrdə beynəlxalq proqramlar həyata keçirdiyini və Azərbaycan-Avstriya turizm proqramının ən uğurlu layihə olduğunu diqqətə çatdırıb.
Beynəlxalq əlaqələr üzrə prorektor Karl Ensfelner, bu tədris ilində olduğu kimi, növbəti ildə də bu proqram üzrə oxuyan tələbələrin bir semestr müddətində Avstriyada təhsil almaq imkanlarından, 22 həftəlik istehsalat təcrübəsinin əhəmiyyətindən danışıb. Bakalavr pilləsindən sonra təhsili davam etdirməyin vacibliyini diqqətə çatdıran Karl Ensfelner tələbələri cari tədris ilindən magistratura səviyyəsində həyata keçirilən beynəlxalq proqrama dəvət edib. Sonda qonaqlar tələbələrin suallarını cavablandırıb, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, 2007-ci ildə ölkə tarixində ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutu və İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr təhsil pilləsi üzrə akademik müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən tələbələr üç tədris ili ərzində «Turizm və asudə vaxt menecmenti proqramı» üzrə ingilis dilində təhsil alırlar. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edirlər. 2011-ci ildə iki təhsil ocağı arasında magistratura səviyyəsində tədrisin təşkili ilə bağlı saziş də imzalanıb. Hazırda 20 magistr tələbə bu proqram üzrə təhsil alır.
Fəxriyyə