Sərgidə Azərbaycan motivli fotolara xüsusi yer ayrılıb
Rumıniyanın Timişuara şəhərindəki “Galereya Mansard”da məşhur fotoqraf Reza Deqatinin “Müasir Odisey” (Une Odysee contemporaine – müasir uzun, macəralı yollar) adlı sərgisi açılıb.
Sərgidə R.Deqatinin Azərbaycanın azad olunmuş ərazilərindən çəkilmiş fotolar da yer alıb. Dağıdılmış tarixi, mədəni və dini abidələr, eləcə də azərbaycanlı uşağın nar yarpağı üzərində donmuş qanını əks etdirən fotolar maraq doğurub. Fotoqraf hər bir şəkilin tarixçəsi haqqında ziyarətçilərə məlumat verib. Yaşıl yarpaq üzərindəki qan bağçada nar dərdiyi zaman ermənilərin atdığı raketin qurbanı olan uşağa aiddir. Cəsədin çəkilməz halda olduğunu görən fotoqraf uşağın nar yarpağı üzərinə səpələnmiş qanının fotosunu çəkib.
Sərgidə nümayiş olunan fotolar arasında həmçinin erməni işğalı zamanı viran edilmiş Ağdam şəhərinin də fotosu diqqəti cəlb edir. Bu foto düşmənin nə qədər vəhşi və zalım olduğunu əks etdirir.
Nümunələr arasında İçərişəhər üzərində yüksələn və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Şirvanşahlar sarayı kompleksinin fotoları da yer alıb.
Mühacir həyatı sürən, müharibələr və sülhün bərqərar olduğu məkanlarda uzun yollar qət etmiş fotoreportyor insanlarla təmas qurur və fotoları vasitəsilə müxtəlif emosiyaları, xatirələri əbədiləşdirir. 1979-cu ildən dünyada baş verən sarsıntıların danılmaz şahidi olan Reza Deqati “sülh reportyoru” olmağı seçib. O, münaqişədə olan cəmiyyətlərdə, meqapolislərin ətrafında insanların talelərini fotoları ilə vizual hekayəyə çevirir. Dəfələrlə beynəlxalq səviyyəli təltifə layiq görülüb, 30-dan çox kitab-albomun müəllifidir. “World Press Photo”, Beynəlxalq Fotoqrafiya Mərkəzinin mükafatları ilə təltif olunub.
Reza Deqatinin Timişuaradakı “Müasir Odisey” sərgisi bir ay davam edəcək.