Oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümüdür. 1923-cü il oktyabrın 29-da türk xalqının Qazi Mustafa Kamalın öndərliyi ilə dörd ilə yaxın davam edən Qurtuluş savaşı və İstiqlal mücadiləsinin məntiqi yekunu olaraq qurulan Cümhuriyyətlə ümumtürk tarixində yeni səhifə yazıldı.

Ondan öncə Azərbaycanda 23 aylıq ömrü olmuş Cümhuriyyətin dövranın ağır yellərinə tab gətirməyərək süqutu, eləcə də Orta Asiyadakı türk xalqlarının milli dövlət qurmaq niyyətlərinin puça çıxmasından sonra Ankarada, Türkiyə Böyük Millət Məclisindən dünyaya bəyan edilən Türkiyə Cümhuriyyəti, əslində, bütün Türk dünyası üçün fəxarət ünvanı idi.

Bu gün də Türkiyə Cümhuriyyətinin 100 yaşı qardaş türk dövlətlərinin hər biri və o sırada ilk Azərbaycan üçün fərəh və qürur mənbəyidir. Çünki güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bunun ən bariz ifadəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi oldu. 2021-ci ilin 15 iyununda imzalanan Şuşa Bəyannaməsi ilə bu birliyə tarixdə əbədi qalacaq möhür vuruldu.

Prezident İlham Əliyevin dediyi kimi: “Bu şanlı tarix bizim müştərək tariximizdir. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə Türkiyə-Azərbaycan birliyini görürük. Bu birlik əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyəti və zəmanəmizin tələbidir”.

Prezident Rəcəb Tayyib Ərdoğanın da diləyi kimi: “Rəbbimiz birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.

Cümhuriyyətin 100 yaşı mübarək, Türkiyə! Neçə belə yüz illərə…

 

Vüqar Orxan