Monteneqronun turizm təmsilçiləri paytaxtımızda təqdimat keçiriblər
Aprelin 6-da «Hilton Baku» mehmanxanasında Monteneqro və Türkiyənin Bodrum bölgəsində fəaliyyət göstərən bir neçə hotelin təqdimat mərasimi oldu.
Tədbirin təşkilatçısı «Polar East» turizm şirkətinin rəhbəri Cavad Cəfərov bildirdi ki, belə bir təqdimatı keçirməkdə əsas məqsədləri Azərbaycanı dünyada yeni turizm istiqaməti kimi tanıtmaq, müxtəlif ölkələrlə qarşılıqlı turist səfərlərini reallaşdırmaqdır. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət Türkiyədə «Polar West» adı ilə fəaliyyət göstərir. Ötən ildən isə Bakıda «Polar East» adlı şirkət açıb: «Biz Türkiyəyə ildə 180-220 min turist gətiririk. Bunun 20-22 minini tarixi-mədəni turlar təşkil edir. Məqsədimiz Azərbaycana da belə turist səfərləri təşkil etməkdir».
Bodrum vilayətində fəaliyyət göstərən «Vogue Bodrum Hotel»in satış müdiri Olqa Topdygina, Türkiyənin əksər hotellərində olduğu kimi, «Hər şey daxil» paketi ilə işlədiklərini bildirdi. Paketə hoteldə qalma, aeroportda qarşılama və yola salma, gündə 5 dəfə yemək, əlavə xidmətlərdən, o cümlədən çimərlik üçün lazım olan vasitələrdən istifadə və s. daxildir.
«Thor Hotel»in satış müdiri Deniz Belli, «Xanadu İsland Bodrum» hotelinin satış müdiri Mehmet Onur Ermanhan, «Hilton Dalaman» hotelinin satış müdiri Mesud Ekici də təmsil etdikləri hotellər barədə slaydlar vasitəsilə məlumat verdilər. Qeyd edək ki, bu hotellərin hər biri Bodrumda nəhəng yaşıllıqların əhatəsində dəniz sahilində yerləşir. Burada həm fərdi, həm də ailəvi istirahət üçün lazım olan bütün şərait mövcuddur. SPA mərkəzləri, uşaqlar və böyüklər üçün hovuzlar, Türkiyə mətbəxinə aid olan müxtəlif çeşidli yeməklər və şirniyyatlar hazırlayan aşpazlar, idman zalları gələn turistlərin ixtiyarındadır. Adıçəkilən hotellər təkcə yay mövsümündə deyil, qışda da fəaliyyət göstərir. Hotel nümayəndələri onlarla əməkdaşlıq edən Azərbaycanın turizm şirkətləri üçün güzəştlər təklif etdiklərini də bildirdilər. Bu sıraya mövsüm ərzində ən çox turist gətirən şirkətin rəhbərliyinə bir həftəlik pulsuz istirahət də daxildir.
Monteneqro Turizm Şirkətləri Birliyinin sədri Sasha Zatkovich ölkəmizi 2012-ci ildə Bakıda keçirilən «Eurovision» mahnı müsabiqəsindən sonra daha yaxşı tanıdığını bildirdi. Onun sözlərinə görə, maraqlı və zəngin tarixə malik olan Monteneqroda turizmə xüsusi önəm verilir: “Çünki bu sahənin bizdə çox böyük perspektivləri var. Monteneqronun 660 min nəfər əhalisi var. Ölkəmizdə həm katoliklər, həm də müsəlmanlar mehriban yaşayırlar. 5 milli parkımız, dəniz sahili boyu uzanan 72 kilometr uzunluğunda çimərliyimiz mövcuddur. Bu isə bizə turizmi inkişaf etdirmək üçün geniş imkanlar verir».
«Fly Montenegro»nun icraçı direktoru Ana Maroeviç isə qəzetimizə açıqlamasında qeyd etdi ki, iyunun 19-dan başlayaraq Bakıdan Monteneqronun paytaxtı Podqoritsaya həftədə bir dəfə çarter reysləri həyata keçiriləcək. Onun sözlərinə görə, növbəti illərdə reyslərin sayı getdikcə artırılacaq: «Montoneqro hökumətinin qərarı ilə mayın 31-dən oktyabrın 31-dək olan müddətdə Azərbaycan vətəndaşları üçün viza rejimi ləğv edilib. Amma bu yalnız bizim Azərbaycandakı nümayəndəmiz «Polar East» şirkətinin xətti ilə çarter vasitəsilə ölkəmizə gələn azərbaycanlı turistlərə aiddir».
Müsahibimiz bildirdi ki, Monteneqro bu il ilk dəfə AİTF sərgisində iştirak edib və Azərbaycanın turizm şirkətləri ilə gözəl əməkdaşlıq qura biliblər: «Sərgidə turizm şirkətləri, aviaşirkət və hotellərlə təmsil olunduq. Düşünürəm ki, bu sərgi sayəsində ölkəmizə daha çox sayda turist cəlb edə biləcəyik. İl ərzində təxminən 400 min nəfər turist qəbul edirik. Bunun da 230 minini Rusiya, Ukrayna və Belarusdan gələnlər təşkil edir. Almaniya və Fransadan da gələnlər olur. Ötən ildən Azərbaycan vətəndaşları istirahət etmək üçün Monteneqroya səfər etməyə başlayıb. Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər mövcuddur. Bu, turizm sahəsində də geniş əməkdaşlığa zəmin yaradır”.
F.Abdullayeva