Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Bakı Xoreoqrafiya Akademiyasının Heydər Əliyevin 100 illiyinə həsr olunmuş birgə layihəsi – “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii kompozisiya oktyabrın 27-də təqdim edilib.

Gənc Tamaşaçılar Teatrında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Teatrın aktyorları Xalq şairi Səməd Vurğunun “Azərbaycan” poemasından, eləcə də Heydər Əliyevə həsr olunmuş şeirlərdən parçalar səsləndiriblər.

Bakı Xoreoqrafiya Akademiyasının tələbələri tərəfindən “Küçələrə su səpmişəm”, “Alagöz”, “Yeddi gözəl”, “Ay Laçın”, “Azərbaycan” mahnılarının sədaları altında rəqslər təqdim edilib.

Əməkdar artist Nicat Kazımovun quruluş müəllifi olduğu layihədə teatrın 55 aktyoru, Bakı Xoreoqrafiya Akademiyasının 80-ə yaxın tələbəsi iştirak edib.

Ədəbi-bədii kompozisiyada Üzeyir Hacıbəylinin, Hacı Xanməmədovun, Eldar Mansurovun bəstələrindən də istifadə olunub.