Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1997-ci il 30 oktyabr
Prezident Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayında nitq söyləyib.
“...Mən çox sevinirəm və xoşbəxtəm ki, ilk dəfə Azərbaycanın yazıçılarının qurultayında 27 il bundan əvvəl nitq söyləmişəm, o qurultayın iştirakçısı olmuşam və ondan sonrakı qurultaylarda da daim iştirak etmişəm, yazıçılarımızla, şairlərimizlə, mədəniyyət xadimləri ilə bir yerdə olmuşam, bu gün də sizinlə bir yerdəyəm. Bunun da səbəbi var. Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur... Ancaq eyni zamanda 1969-cu ildən tale mənim üzərimə böyük bir vəzifə, böyük bir məsuliyyət qoymuşdur. Mən o məsuliyyəti dərk edərək, o vəzifəni layiqincə yerinə yetirməyə çalışaraq, həmişə hesab etmişəm, ədəbiyyata, mədəniyyətə diqqət yetirmək, qayğı göstərmək lazımdır.
...Bilirsiniz, bu gün ümumiyyətlə müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir... Azərbaycanda şairlərə, yazıçılara qoyulan heykəllər qədər heç bir insana heykəllər qoyulmayıbdır. Bunun özü ədəbiyyata, şairə, şeirə, yazıçıya nə qədər böyük hörmətin olduğunu göstərir. Azərbaycanda heç bir tarixi şəxsiyyətə məqbərə yoxdur, ancaq şairə, yazıçıya var... Mən bu fikirlərlə bir daha bildirmək istəyirəm ki, Azərbaycanda ədəbiyyata, mədəniyyətə daim böyük hörmət olubdur. Bu keçid dövründə, həyatımızın ağır dövründə də hörmət, qayğı var və bundan sonra da olacaqdır... İndiki mövcud şəraitdə də əlimizdə olan imkanlardan istifadə edəcəyik. Burada fondun yaranması haqqında da fikir söyləndi. Mən bunu görüşdə də dedim. Bir neçə ildir belə təkliflər alıram ki, bir fond yaransın – “Heydər Əliyev fondu” – və bu fonddan mədəniyyətin, istedadlı adamların, ədəbiyyatın inkişafına və başqa sahələrə yardım üçün istifadə olunsun. İndi artıq görürəm ki, doğrudan da belə bir fondun yaranması zərurəti gəlib çatıbdır...
...Mədəniyyət, ədəbiyyat gərək daim dövlətlə bir yerdə olsun. Bu baxımdan sizə bir neçə fikrimi demək istəyirəm. Keçmiş qurultaylardan fərqli olaraq, görürsünüz ki, mən sizə “hansı mövzuda yazmalısınız, nə cür yazmalısınız” kimi göstərişlər, heç məsləhətlər də vermək istəmirəm. Hansı mövzunu götürürsünüz götürün, sizin öz işinizdir. Dövlət bu işlərə qarışmayacaqdır. Ancaq hesab edirəm, bir məsələdə siz daha da yaxından iştirak etməlisiniz. Bu məsələ də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal edilmiş torpaqlarımızın azad olunması, Azərbaycanın qüdrətli ordusunun yaradılması, Azərbaycan vətəndaşlarının, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin möhkəmləndirilməsidir. Bu, çox vacibdir.
Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir... Əgər şair Azərbaycanı vəsf edirsə və Azərbaycanın nə qədər gözəl, nə qədər qüdrətli, nə qədər iftixar hissi doğuran bir ölkə olduğunu öz şeirində göstərirsə, demək, bu, hər bir azərbaycanlıda öz Azərbaycanına, Vətəninə, torpağına məhəbbət hissi yaradır.
Bir neçə kəlmə də dil haqqında danışmaq istəyirəm. Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var. Bu, bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq, millət, xalq millət ola bilməz. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, imperiyaların tərkibində olduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın, xüsusən bizim söz ustalarının, ədəbiyyatçıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin ən böyük nailiyyətidir.
...Ədəbiyyatımıza yeni uğurlar arzu edirəm. Heç şübhə etmirəm ki, Azərbaycan ədəbiyyatı XX əsri uğurla sona çatdıracaq və XXI əsrdə dünya, bəşər ədəbiyyatına gözəl nümunələr verəcəkdir...”.
1997-ci il 5 noyabr
Azərbaycan Dövlət Kitabxanasında “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimində nitq söyləyib.
1997-ci il 6 noyabr
Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Sarayında əlillərin III Respublika yaradıcılıq sərgi-müsabiqəsinin açılışında çıxış edib.
“...Bu sərgi, burada nümayiş etdirilən eksponatlar insana çox böyük təsir bağışlayır. Bu əsərləri yaradanlar peşəkar rəssamlar, yaxud peşəkar sənətkarlar deyillər. Ancaq işlər onu təsdiq edir ki, bu əsərlərin hamısı yüksək peşəkar səviyyədədir... Əgər nəzərə alsaq ki, bu əsərlərin müəllifləri bu və ya başqa cəhətdən fiziki çətinlik keçirirlər, fiziki çatışmazlığa məruz qalıblar, onda bu əsərlərin nə qədər qiymətli və bu insanların nə qədər böyük hörmətə layiq olduğu daha da aşkar olur... Bu əsərlər və ümumiyyətlə, sərgi bir daha onu sübut edir ki, insan nə qədər böyük istedada və böyük potensiala malikdir... İradə, öz gücünə inam, öz imkanlarından istifadə etmək üçün çalışqanlıq – bunlar hamısı insanlarda olan daxili potensialı büruzə verir və belə əsərlərin yaranmasına gətirib çıxarır...”.
Hazırladı: V.Orxan