Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) təşkilati dəstəyi ilə reallaşan layihə çərçivəsində gənc rəssamlar tərəfindən Qarabağın təbiətinə, tarixi abidələrinə, eləcə də işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq mövzularına həsr olunan rəngkarlıq və heykəltaraşlıq nümunələrinin seçimi aparılıb.
Fonddan bildiriblər ki, 84 tələbənin qatıldığı müsabiqəyə təqdim olunan 232 əsər içərisindən 22 rəngkarlıq və heykəltaraşlıq nümunəsi seçilərək növbəti mərhələyə keçib.
Əsərlərin seçilməsində QDF İdarə heyətinin sədri Rəhman Hacıyev, ADRA-nın rektoru Xalq rəssamı Natiq Əliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəlibəyov, ADRA-nın prorektorları – Xalq rəssamları Səlhab Məmmədov və Fuad Salayev, həmçinin Hacı Mailzadə iştirak ediblər.
Müzakirələrin yekunu olaraq Qarabağla bağlı böyük mənəvi dəyərə malik heykəltaraşlıq və rəngkarlıq nümunələrindən ibarət əsərlərin hazırlanması qərara alınıb. Həmin əsərlərin daha sonra kataloq şəklində nəşr olunması nəzərdə tutulur.
Layihə ilə bağlı yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək.