Belarus Respublikasında keçirilən “Belaya veja – 2023” Beynəlxalq Teatr Festivalının münsiflər heyətinin sədri, bir sıra beynəlxalq festivalların kuratoru olan rusiyalı teatrşünas və tənqidçi Alisa Litvinova Azərbaycan Dövlət Akademik Musiqili Teatrın qonağı olub.
Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin dəvəti ilə Bakıya gələn Alisa Litvinova kollektivlə və repertuardakı tamaşalarla yaxından tanış olub.
Rusiyalı gənc teatrşünas “Lara Martin’s Jazz Club”, “Paris Notr-Dama ithaf”, “Silva”, “Kimdir müqəssir?”, “Psix”, “Anamın kitabı”, “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Sehrli nəğmə”, “Məchul pilləkən” tamaşalarına baxıb, onların müzakirələrində təəssüratını, həmçinin qeyd və təkliflərini bölüşüb, eyni zamanda Rusiya teatr prosesi barədə danışıb.
Akademik Musiqili Teatrın beynəlxalq layihələr üzrə koordinatoru Rəcəb Məmmədov qonağı şəhərin görməli yerləri ilə də tanış edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı müxtəlif ölkələrdə fəaliyyət göstərən sənət adamları, prodüserlər, teatr tənqidçiləri ilə sıx əlaqə saxlayır, təcrübə mübadiləsi aparır, onları ölkəmizə dəvət edir. Bu əlaqələrin davamı kimi teatrın kollektivi də bir çox beynəlxalq konfrans, festival və müsabiqələrdə iştirak edir.