Qazaxıstanda Karaqanda vilayətindəki Kostenko adına kömür mədənində oktyabrın 28-də baş verən partlayış və yanğın nəticəsində 47 şaxtaçı həlak olub. Hadisə zamanı mədəndə olan 252 nəfərdən 205-i xilas edilib. Xəsarət alan 27 şaxtaçı hazırda xəstəxanada müşahidə altındadır. Hakimiyyət orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.
Oktyabrın 31-nə olan məlumata görə, 45-ci şaxtaçının cəsədi tapılıb. Həlak olanlardan 40-nın şəxsiyyəti müəyyənləşib.
“Mədən yollarının uzunluğu, elektrik enerjisinin olmaması, mexanizmlərin dağılması axtarış işlərini çətinləşdirir. Mədənin bəzi hissələrinin suyun altında qalması da əlavə çətinliklər yaradır”, – deyə Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov bildirib.
Bu, Qazaxıstanda müstəqillik dövründə baş vermiş ən böyük mədən qəzasıdır. Oktyabrın 29-u ölkədə matəm günü elan olunub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.