Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə 23-26 oktyabr tarixlərində qardaş ölkənin Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” keçirilib.
Həftə çərçivəsində oktyabrın 23-də Özbəkistan Yazıçılar Birliyində Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş təşkil olunub. Həmçinin Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzusunda müzakirələr aparılıb.
Oktyabrın 24-də Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan poeziyası və musiqisinə həsr olunan ədəbi-bədii tədbirdə Xalq şairi Vahid Əzizin şeirləri səsləndirilib, gənc xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyeva instrumental ifaçıların müşayiəti ilə muğamlarımızdan parçalar oxuyublar. Özbəkistanda yaşayan azərbaycanlı ifaçı İlham Abdullayev milli saz havalarımızı və AMM nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi təqdim edib.
Ertəsi gün Azərbaycanın poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə daha bir ədəbi-bədii, musiqili proqram Xarəzm vilayətindəki Urgənc Dövlət Universitetində təqdim olunub.
Universitetdə AMM-nin layihəsi ilə yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinin açılışı olub.
Məlumat verilib ki, 1925-ci ildə yaradılan Urgənc Dövlət Universitetində hazırda 9 fakültədə 93 ixtisas üzrə 20 mindən çox tələbə təhsil alır. Burada təşkil edilən Yusif Vəzir Çəmənzəminli adına mərkəzdə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid kitablar, o cümlədən AMM-in nəşrləri, disklər, dərs vəsaitləri, milli suvenirlər, fotolar, xəritələr və s. yer alıb. Diqqətə çatdırılıb ki, görkəmli azərbaycanlı ədib, ictimai xadim, repressiya qurbanı Y.V.Çəmənzəminli 1938-40-cı illərdə Urgənc Dövlət Universitetində müəllim kimi çalışıb.
Azərbaycan mədəniyyəti və poeziyası həftəsi çərçivəsində Urgənc Dövlət Universitetində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabının təqdimatı və Azərbaycan mədəniyyəti və ədəbiyyatına dair tədbir də təşkil olunub.
Tədbirdə Urgənc Dövlət Universitetinin rektoru professor Baxrom Abdullayev, Özbəkistanın Xarəzm Vilayəti rəhbərinin müavini Batır Saidov çıxış edərək Xarəzm vilayətində artıq ikinci dəfə Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
AMM-in direktoru Samir Abbasov “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” nəşri haqqında məlumat verib.
Tərcüməçi-alim Babaxan Şərif də beş dildə (Azərbaycan, özbək, türk, rus, ingilis) çap olunan “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ensiklopedik nəşrindən söz açıb, kitabın Şuşa şəhəri haqqında dəyərli mənbə olduğunu vurğulayıb.
Universitet tələbələri tərəfindən Azərbaycan şairlərinin şeirlərindən nümunələr səsləndirilib. Xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, kamança ifaçısı Elnur Mikayılov, tar ifaçısı Zəki Vəliyev və Əməkdar artist, nağaraçı Kamran Kərimov milli muğamlarımızdan parçalar, İlham Abdullayev saz havalarımızı, universitetin rəqs qrupunun üzvləri isə Azərbaycan rəqslərini tamaşaçılara təqdim ediblər.