Bakıda Kann şəhərinin turizm imkanlarına həsr olunmuş təqdimat keçirildi
   
   Aprelin 15-də Fransanın Azərbaycandakı səfirliyində Kann şəhərinin turizm imkanlarına həsr olunmuş təqdimat mərasimi keçirildi.
   
   Tədbiri Fransa səfiri Paskal Mönye açaraq bildirdi ki, Kann şəhərini azərbaycanlılara geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanda bu şəhəri yaxşı tanıyırlar: «Ölkələrimiz arasında əməkdaşlıq regionlarımızın da əməkdaşlığına zəmin yaradıb. Fransa azərbaycanlı turistləri qəbul etməkdən çox məmnundur. Buna görə də hökumətimiz azərbaycanlılar üçün viza prosesini sadələşdirməyi qərara alıb. Üstəlik, vizanın müddətini birillik etməyi nəzərdə tutur».
   Nümayəndə heyətinə rəhbərlik edən Kann şəhər merinin müavini, Festivallar və Konqreslər Sarayının prezidenti David Lisnar ölkəmizlə turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirdi. Onun sözlərinə görə, Bakının çox böyük üstünlükləri var və bu üstünlüklər böyük tədbirlərin təşkili üçün geniş imkanlar verir: «Bakının qədim guşələri, eyni zamanda müasir infrastrukturu var. Əsas məsələ şəhərin özünəməxsusluğunu qorumaqdır. Çünki şəhərin məşhurlaşması üçün ən vacib məqam onun mədəniyyətinin qorunması və inkişaf etdirilməsidir. Mədəniyyət bütün dünyanın yaxşıya doğru dəyişdirilməsinə şərait yaradacaq. Kann şəhəri ona görə dünyada məşhur oldu ki, öz kimliyini qorudu, əvvəlki simasını itirmədi. Düşünürəm, Bakının da unikallığı saxlanılmalıdır».
   Kann şəhərinin turizm potensialı haqqında danışan qonaq bildirdi ki, bütün dünyada böyük beynəlxalq festivalların təşkilatçısı, turizm mərkəzi kimi tanınan şəhər beynəlxalq brendə çevrilib: “Bu şəhər lacivərd sahildə ən populyar və tanınmış kurort hesab olunur və festivalları ilə məşhurdur».
   David Lisnar bir məlumatı da nəzərə çatdırdı ki, bu il iyulun 4-dən 20-dək Kannda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət günləri keçiriləcək: «Kann şəhər rəhbərliyi bu tədbirə ciddi hazırlaşır. Mədəniyyət günləri çərçivəsində Kannda Azərbaycan filmləri nümayiş etdiriləcək, musiqimiz səsləndiriləcək, ölkənizin turizm potensialı ilə bağlı müxtəlif təqdimatlar keçiriləcək».
   Qonaq qeyd etdi ki, Kann Azərbaycandan turistlər cəlb etməkdə maraqlıdır.
   Festivallar və Konqreslər Sarayının marketinq direktoru İzabel Qanj bu turizm marşrutunun üstünlükləri barədə danışdı. O, azərbaycanlı turistlərin Kanna aviareyslə İstanbul və ya Parisdən gələ biləcəyini, hotel seçiminin çox böyük olduğunu dedi. Şəhərdə 130-dan çox hotel, o cümlədən üçulduzlu rahat mehmanxanalar var.
   Sonra Kannda fəaliyyət göstərən «Majestic», «JW Marriott», «Intercontinental Carlton» və digər tanınmış hotel şəbəkələrinin rəhbərləri təqdimatlarla çıxış etdilər.
   
   Fəxriyyə Abdullayeva