Ölkəmiz Çin və Gürcüstan sərgilərində təmsil olunub, daha bir sərgi Qazaxıstanda baş tutacaq
   
   Aprel ayında Azərbaycan turizmi üç beynəlxalq sərgidə nümayiş olunur. Onlardan ikisi artıq yekunlaşıb. 9-11 aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən “COTTM-2013” sərgisində turizm imkanlarımızın təqdimatı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 24 kvadratmetrlik sahə icarəyə götürülüb.
   
    Çin və ingilis dillərində hazırlanmış təbliğat materiallarını ziyarətçilərə nazirliyin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Seymur Həsənov və Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Aysel Əliməmmədova təqdim edib. Sərgidə «İmprotex travel», «Geo travel», «SW travel» və «Matrix Oazis» turizm şirkətlərinin nümayəndələri xarici həmkarları ilə işgüzar görüşlər keçirib, əməkdaşlıq müqaviləsi imzalayıblar.
   Qeyd edək ki, ölkəmiz «COTTM» sərgisində artıq 8-ci dəfədir təmsil olunur.
   
   * * *
   Ölkəmizin turizm potensialının nümayiş olunduğu digər sərgi aprelin 12-14-də Gürcüstanın paytaxtı Tiflisdə baş tutub. XV Qafqaz turizm sərgisində Azərbaycanın 25 kvadratmetrlik stendində bir sıra turizm şirkətləri və hotellər təmsil olunub. Sərgidə Cənubi Qafqaz ölkələri, Türkiyə, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Çindən 100-dək şirkət iştirak edib.
   Gürcüstanın ətraf mühitin mühafizəsi naziri Xatuna Qoqoladze çıxışında Azərbaycanın turizm şirkətlərinin sərgidə iştirakından məmnunluğunu ifadə edib. O, sərginin iştirakçı ölkələrin turizm potensialının populyarlaşdırılması, əhalinin məlumatlandırılması baxımından mühüm rol oynayacağını vurğulayıb.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyevin sözlərinə görə, sərgidə ölkəmiz haqqında ingilis və rus dillərində hazırlanmış təbliğat materialları ziyarətçilərə təqdim edilib: “Gürcüstanlı turistləri ölkəmizin mehmanxana, turizm şirkətləri, restoranları, həmçinin müalicə obyektləri, dağ turizminin yüksək xidməti qane edir. Son illər Gürcüstandan Azərbaycana böyük turist axını var. Gürcü turistlər əsasən sərhədyanı bölgələrdə dincəlməyi, müalicə almağı sevirlər. Ümid edirik ki, təqdim etdiyimiz layihələr, turizm marşrutları və xidmətlər iştirakçılar tərəfindən bəyəniləcək və öz nəticəsini verəcək».
   
   * * *
   Bu ay Azərbaycanın təmsil olunacağı daha bir sərgi isə 24-26 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək. «KİTF-2013» sərgisində turizm imkanlarımız 36 kvadratmetrlik sahədə nümayiş etdiriləcək. Ölkəmizin heyətinə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və «Millennium Tourism & Congress DMC», «Regea travel» turizm şirkətləri, «Divan Exspress», «Jumeirah Bilgah Beach Hotel», «Çinar Hotel & SPA Naftalan» hotellərinin əməkdaşları daxildir.

  Fəxriyyə Abdullayeva