Azərbaycan Aşıqlar Birliyində ustad aşıqların yaradıcılığına daim diqqət göstərilir, onların şeir, deyişmə və dastan yaradıcılığından ibarət kitablar nəşr olunur. Bu sıradan növbəti nəşr Şirvan aşıq mühitinin ustad sənətkarı Cavid Əmiraslanovun. “Könüllər oxşayar sazı aşığın” adlı kitabıdır.
Cavid Səfəralı oğlu Əmiraslanov 1939-cu ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. Şirvan aşıq mühitinin yetirməsi kimi məlahətli səsi və özünəməxsus ifa tərzi ilə seçilən, çoxlu dastan və rəvayətlər bilməsi ilə tanınan aşıq bədii yaradıcılıqla da məşğul olur. Kitabda onun gəraylı, qoşma, təcnis, müxəmməs və digər şeirləri ilə yanaşı, onun ayrı-ayrı aşıq və şairlərlə deyşmələrindən nümunələr toplanıb.
Aşıq Cavid eyni zamanda şəhid atasıdır – oğlu Bəxtiyar Əmiraslanov Birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.