Aprelin 12-də «Qafqaz Baku City Hotel & Residences» hotelində «Kiçik Hotellərin və Restoranların İnkişafına Kömək» İctimai Birliyi (DAİR) tərəfindən hotellərin ön büro (Front Office) əməkdaşları üçün videotreninqin təqdimatı keçirildi.
   
   Tədbirdə Milli Məclisin deputatları, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Turizm İnstitutu və Bakı Dövlət Universitetinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən hotellərin təmsilçiləri iştirak edirdilər.
   DAİR-in sədri, BDU-nun müəllimi Samir Babazadə çıxış edərək layihənin məqsədi barədə məlumat verdi. Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən videotreninq layihəsi hotelçilik sahəsində çalışan, bu peşə üzrə təhsil alan insanlar üçün faydalı və səmərəli olmaqla yanaşı, bu sahədə ilk təcrübədir. Qonaqların qəbulu və xidməti bölməsinin (reception) işinə həsr edilmiş videotreninq bu bölmənin əməkdaşlarının davranış qaydaları, geyim və gigiyena əsasları, sifarişlərin qəbulu və idarə edilməsi, qonaqların qeydiyyatı, ödənişlərin aparılması və digər məqamları açıqlayır. Videotəlimin peşə sahəsində çalışan mütəxəssislərə, tələbələrə, müəllimlərə və digər maraqlı auditoriyaya elektron formatda yayılması nəzərdə tutulur.
   Birlik sədri qeyd etdi ki, layihənin davamlı olması nəzərdə tutulur. İkinci mərhələdə hotelçilik və restoran biznesi sahələri üçün digər videomateriallar da hazırlanacaq. Bu sırada hotellərin yemək və içkilər (Food & Beverages), insan qaynaqları (Human Resources), təmizlik (Housekeeping), informasiya texnologiyaları və digər bölmələrinin, habelə ictimai iaşə subyektlərinin əməkdaşları üçün masa xidməti, qonaqların loyallığını qazanmaq, bar işi və digər istiqamətləri sadalamaq olar.
   «Atrium Hotel»in rəhbəri Elçin Zeynalabdin qeyd etdi ki, adları çəkilən sahələr üçün peşəkar əməkdaşların hazırlanması gündəmdə olan ən vacib məsələlərdən biridir: «Qonaqpərvərlik sahəsində peşəkar rəhbər işçilərin sayı az olduğundan təşkilatlar daha çox xarici mütəxəssisləri işə cəlb edirlər. Hotellərin rəhbərləri ilk növbədə liderlik və peşəkar komandanın yaradılması bacarığına malik olmalıdır».
   Videomaterialın nümayişindən sonra iştirakçılar qonaqpərvərlik sənayesi üçün nəzərdə tutulmuş müxtəlif malların və xidmətlərin istehsalçıları və distribütorları ilə tanış oldular. Tədbir çərçivəsində «VingCard Elsafe» şirkətinin elektron kilidləri və mini seyfləri, UCS şirkətinin «Shelter», «R-Keeper», «E-menyu» və digər elektron xidmətləri, «M-Pro» və «İceland» şirkətlərinin ərzaq məhsulları, «Qarant Sığorta»nın sığorta sahəsində xidmətləri, «Gəncə Şərab-2» müəssisəsinin «Cabernet Sauvignon» şərabı və digərləri nümayiş etdirilirdi.
   Qeyd edək ki, videotreninqin rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, aparıcı və ssenari müəllifi «JW Marriott Absheron» hotelinin satış meneceri Nisə Əliyeva, layihənin rəhbəri «Kiçik Hotellərin və Restoranların İnkişafına Kömək» İctimai Birliyinin sədri Samir Babazadədir.

   Fəxriyyə