Heyranlıq da var, narahatlıq da...

 

2023-cü ildə ingilis dilində, eləcə də digər dillərdə ən işlək yeni kəlmələrdən birinə çevrilən “süni intellekt” İngiltərədə nəşr olunan “Collins English Dictionary” tərəfindən ilin sözü elan edilib.

Lüğətin saytında bu barədə bildirilir ki, süni intellektlə işləyən inqilabi dil modeli təbii insan nitqini təqlid etmək qabiliyyəti ilə 2022-ci ilin sonlarında ictimai şüura daxil olaraq hər kəsi heyrətə gətirib. Amma insanlar bu kəşfə heyran qalsalar da, çox keçmədən narahat olmağa başladılar. Bu narahatlıq da kompüterlərin gələcəkdə dil məsələsində “alternativ mütəxəssislərə” çevrilməsi ilə bağlıdır.

Sözün hərfi mənasına gəlincə, “Collins English Dictionary” “süni intellekt” məfhumunu “kompüter proqramlarından istifadə etməklə, insanın mental funksiyalarının modelləşdirilməsi” kimi xarakterizə edib.

2022-ci ildə “Collins English Dictionary” tərəfindən “permakrisis” (davamlı böhran) ilin sözü elan edilmişdi.

Onu da qeyd edək ki, noyabrın 1-də Böyük Britaniyada süni intellektdən təhlükəsiz istifadəyə dair ilk beynəlxalq sammit işə başlayıb. Sammitin məqsədi süni intellektlə bağlı təhlükələri müzakirə etməkdir.