Euronews telekanalının internet saytında Bakıda keçirilmiş «AİTF-2013» beynəlxalq turizm və səyahətlər sərgisindən bəhs edən məqalə dərc olunub. Yazıda sərgiyə 30-dan çox ölkədən şirkətlərin qatıldığı, Azərbaycanın turizm bazarına ciddi maraq olduğu diqqətə çatdırılıb. Məqalədə vurğulanır ki, son dövrlər Avropanın turizm sənayesi böhranla üzləşib. Fransaya ABŞ və Yaponiyadan gələn turistlərin sayı kəskin azalıb. Səbəb kimi maliyyə böhranı, Avropa ölkələrinin turizm sənayesində özünü göstərən mənfi amillər göstərilib.
Məqalədə bildirilir ki, böhran məngənəsindən xilas ola bilməyən Yunanıstan çıxış yolunu turizmin inkişafında görür və bu sahəni inkişaf etdirmək üçün yollar axtarır. Bakı-Afina təyyarə reysinin nəzərdə tutulması da bu məramdan irəli gəlir.
«İstər yerli, istərsə də xarici mütəxəssislər Azərbaycanda turizmin imkanlarının getdikcə təkmilləşdirildiyini vurğulayırlar. Ölkənin iqtisadi inkişafında mühüm rol oynayan neft sənayesi ilə yanaşı, qeyri-neft sektoru kimi turizm imkanlarının da inkişafı hökumətin diqqət mərkəzindədir. Son illər bu sahədə müəyyən irəliləyişlər əldə edilib», - deyə məqalədə bildirilir.
Fəxriyyə