Qax rayonundakı qədim tarixi-memarlıq abidələrindən biri də İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən ölkə əhəmiyyətli “Sumuq qala” abidəsidir. İnşa tarixi XVIII əsrə aid edilən müdafiə qülləsi sümük kimi möhkəm olduğu üçün yerli əhali tərəfindən belə adlandırılır. Yerli ləhcədə “sümük” sözü “sumuq” kimi tələffüz olunur.
Rayona gələn yerli və xarici turistlər qalaya böyük maraq göstərirlər. Bu ilin 10 ayı ərzində qalanı 4 mindən çox turist ziyarət edib. 2022-ci ildə bu göstərici 3050 nəfər olmuşdu.
İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev bildirib ki, ərazidə mühafizəyə götürülən 51 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Onlardan 13-ü dövlət qeydiyyatına alınıb. Digər 38 abidənin də qeydiyyata alınması ilə bağlı müvafiq qurumlara müraciət olunub.
“Sumuq qala”da yerli əhalidən könüllü şəkildə toplanmış qədim əşyalar və sənətkarlıq nümunələri əsasında muzey də yaradılıb. Eksponatlar içərisində ötən əsrin 80-ci illərində qalada çəkilmiş “Qorxma, mən səninləyəm!” bədii filminə aid fotolar da gələnlərin marağına səbəb olur.