I TÜRKSOY Beynəlxalq Teatr Festivalı keçirilir

 

Paytaxtımız daha bir sənət bayramına ev sahibliyi edir. 1–4 noyabr tarixlərində I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.

Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkil etdiyi festivalın açılış mərasimi noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşdi.

Festival iştirakçıları əvvəlcə I Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsi ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə tər çiçəklər qoyulub.

Festivalın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Türk dünyasının səhnə, sənət təmsilçilərini bir araya gətirən yeni layihə münasibətilə hər kəsi təbrik etdi, sənət şöləninin işinə uğurlar arzuladı.

Nazir dedi ki, festival Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, peşəkar milli teatrımızın yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir. TÜRKSOY-un xətti ilə ilk dəfə keçirilən festival qardaş ölkələr arasında teatr əlaqələrinin inkişafına, yaradıcılıq mübadiləsinin genişlənməsinə zəmin yaradacaq.

TÜRKSOY-un baş katibi Sultan Raev Türk dünyasında ilk peşəkar milli teatrın təməlinin 150 il öncə məhz Azərbaycanda qoyulduğunu diqqətə çatdırdı, bu baxımdan ilk festivalın Bakıda keçirilməsinin də təsadüfi olmadığını vurğuladı.

Baş katib Azərbaycanda teatr sənətinin zəngin inkişaf yolu keçdiyini bildirdi, hazırda bu sahənin inkişafına öz töhfəsini verən sənət adamlarını təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.

Sultan Raev çıxışının sonunda layihənin Türk dünyasında yeni yaradıcılıq axtarışlarına təkan verəcəyinə əminliyini bildirdi.

***

Çıxışlardan sonra festivalın müsabiqə proqramına daxil olan ilk səhnə əsəri – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Qarabağnamə” tamaşası təqdim edildi.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Əminə Babayeva, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Corc Qafarov və Tural İbrahimov ifa edirlər.

Səhnə əsərinin quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Vasif Adıgözəlov və Polad Bülbüloğlunun musiqilərindən istifadə olunub.

XVIII əsrdə Qarabağ xanlığının mərkəzi Şuşada baş vermiş tarixi hadisələrdən bəhs edən tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı.

***

Xatırladaq ki, oktyabrın 31-də festivalın müsabiqədənkənar iki tamaşası göstərilib. Azərbaycan Dövlət Pantomima Teatrı “Manqurt” tamaşasını (Ç.Aytmatov) Akademik Rus Dram Teatrının səhnəsində təqdim edib. Naxçıvan Dövlət Milli Dram Teatrının “Edama məhkumun son günü” tamaşası (V.Hüqo) isə Akademik Musiqili Teatrda nümayiş olunub.

Həmidə