“Mingəçevir Azərbaycanın böyük turizm mərkəzinə çevrilməlidir”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev aprelin 16-da Mingəçevir şəhərinə səfəri zamanı bir sıra sosial infrastruktur obyektlərinin açılışında iştirak edib, Kür çayı sahilindəki istirahət kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, bu ərazidən əvvəllər də istirahət məkanı kimi istifadə olunub. Amma son zamanlar ərazi tamamilə yararsız vəziyyətdə idi. Yeni yaradılan sahilyanı istirahət kompleksinin sahəsi 1,5 hektardır. Burada şəhər sakinləri və qonaqların, eləcə də uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə müasir iaşə obyektləri də inşa olunacaq. Kür sahilindəki bu kompleks mingəçevirlilərin xüsusilə yay aylarında ən çox üz tutduqları məkana çevriləcək.
Prezident Mingəçevirdə yenidənqurma işlərinin aparıldığı Sahil parkı ilə də tanış olub. Ümumi ərazisi 3 min kvadratmetr olan parkda istirahət üçün çeşidli imkanlar yaradılıb, 200 oturacaq qoyulub, parkın işıqlandırma sistemi ən müasir səviyyədə qurulub. Böyük monitorda kütləvi-mədəni tədbirlər zamanı müxtəlif videogörüntüləri izləmək mümkün olacaq. Hazırda Kür çayı üzərində sərnişin daşıyan asma kanat liftinin quraşdırılması prosesi gedir. Uzunluğu 212 metr olacaq kanat yolu gün ərzində min nəfərin daşınmasına imkan verəcək. Ətrafdakı binaların dam örtükləri təmir edilib. Tamamilə yeni görkəm alan Sahil parkı şəhər sakinlərinə dəyərli hədiyyə olmaqla yanaşı, həm də Mingəçevirin görkəminə xüsusi yaraşıq verir.
Prezidentə Müşfiq Mirzəyev adına “Dostluq” parkında aparılan yenidənqurma işləri ilə də bağlı məlumat verilib. Ümumi ərazisi altı hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılıb, yaşıllıq zolaqları salınıb. İndi parkda yay konsert səhnəsi tikilir. Ətrafdakı fərdi evlər və digər binalarda da əsaslı təmir işləri aparılacaq.
Mingəçevirdə yeni istirahət məkanlarının yaradılması, şəhərin turizm mərkəzi kimi inkişaf etdirilməsi dövlət başçısının Heydər Əliyev Mərkəzinin açılışı zamanı sakinlərlə görüşündə də vurğulanıb. Onu da qeyd edək ki, Heydər Əliyev Mərkəzinin 570 yerlik geniş akt zalında şəhər və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün imkan var. Mərkəzdəki xüsusi guşədə dövlət atributları haqqında məlumat verilir. Burada Azərbaycanın zəngin dövlətçilik tarixini əks etdirən lazer lövhə də qurulub. Mərkəzin ikinci mərtəbəsindən sərgi zalı kimi də istifadə ediləcək. Hazırda burada mingəçevirli rəssam və heykəltəraşların əl işləri nümayiş olunur. Mərkəzdə elektron kitabxana və kompyuter mərkəzi, dərnəklər, müasir formatlı kinozal, fotostudiya, dizayn və rəsm studiyası yaradılıb.
Dövlət başçısı ulu öndərin yubileyi ərəfəsində Mingəçevirdə Heydər Əliyev Mərkəzinin açılışını əlamətdar hadisə kimi qeyd edərək şəhərdə son illər abadlıq-quruculuq işləri görüldüyünü vurğulayıb: “Keçən dəfə biz Mingəçevirdə Kür avarçəkmə bazasının açılışını qeyd etdik. Çox şadam ki, biz bu bazanı bərpa edərək ən yüksək dünya standartlarına cavab verən bir idman və turizm mərkəzini yarada bilmişik. Əlbəttə ki, gələcəkdə şəhərin inkişafı üçün turizm sektoru önəmli rol oynaya bilər və oynamalıdır. Mingəçevirin çox gözəl iqlimi, çox gözəl təbiəti vardır. Kür çayı boyu yerləşən ən gözəl şəhərdir. Bu gözəl təbii vəziyyətdən biz gərək maksimum dərəcədə istifadə edək. İş adamları buraya investisiya qoymalıdır. Mingəçevir Azərbaycanın çox böyük turizm mərkəzinə çevrilməlidir. Bunu etmək üçün bütün imkanlar vardır. Tikilən hotellər də turizm sektorunun inkişafına xidmət göstərəcək. Eyni zamanda, biz gərək Mingəçeviri böyük sənaye mərkəzi kimi inkişaf etdirək. Mən Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı xüsusi göstəriş vermişəm. Əslində Azərbaycanda üç böyük sənaye mərkəzi müəyyən olunubdur - Bakı, Sumqayıt və Gəncə. Mingəçeviri də biz bu siyahıya əlavə etməliyik. Sovet vaxtında burada çoxlu müəssisələr fəaliyyət göstərirdi. Sonra onların bir çoxu bağlandı. Biz Mingəçeviri yenidən böyük sənaye mərkəzinə çevirməliyik. Mingəçevirin timsalında biz ümumiyyətlə, ölkəmizin inkişaf modelini görürük - güclü sənaye potensialı, sosial məsələlərin həlli, sosial infrastrukturun yaradılması və qeyri-neft sektorunun inkişafı. Bizim üçün gələcək illərdə əsas vəzifə bunlardan ibarət olacaq”.