Misirin paytaxtı Qahirənin ən məşhur ali təhsil ocaqlarından olan “Ayn-Şəms” Universitetlərində milli mədəniyyətlərin “Civilization week” (“Sivilizasiyalar həftəsi”) adlı beynəlxalq sərgisi açılıb. Sərgi Azərbaycan, Çin, Malayziya, Oman və Afrika qitəsinin müxtəlif ölkələrindən olan tələbələrin iştirakı ilə təşkil edilib.
Ölkəmizin Misirdəki səfirliyi bu ali məktəbdə təhsil alan azərbaycanlı tələbələrlə ölkəmiz üçün ayrılmış çadırda Azərbaycan stendini təşkil edib. Stenddə milli mədəniyyətin bütün atributları - xalq çalğı alətləri, milli kostyumlar, xalçalar, suvenirlər, müxtəlif xırdavat, dekorativ-tətbiqi sənət əsərləri yer alıb. Stendin yaxınlığında quraşdırılan ekranda ölkəmizin turizm potensialı barədə videoçarxlar, Azərbaycanın görməli yerlərinin rəngarəng təsvirləri nümayiş etdirilib.
Azərbaycan stendi ilə tanış olan universitetin prorektoru doktor Əbdül Vəhhab Ezzat bu təşəbbüsə qoşulduğuna görə Azərbaycanın Qahirədəki səfirliyinə minnətdarlığını bildirib.
Azərbaycan diplomatları tədbir iştirakçılarına ölkəmizin zəngin mədəniyyəti və qədim ənənələri, onun müasir siması və sürətli inkişafı barədə məlumat veriblər. Ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, xalçalarından söz açan kitablar, “Baku” və “İrs” jurnalları hədiyyə edilib. Sərgi aprelin 17-də başa çatıb.