Yenilik ölkəmizə gələn turistlərin sayını artıracaq
   
   Ölkə Prezidentinin «Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında» ötən il noyabrın 30-da imzaladığı sərəncama uyğun olaraq, bu il aprelin 3-dən turistlər üçün onlayn viza sisteminin tətbiqinə başlanılıb. Artıq Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər.

   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günlərdə jurnalistlərə müsahibəsində elektron vizanın tətbiqinin ölkəyə gələn qonaqların sayını artıracağını deyib. Nazir bildirib ki, bununla 30-a yaxın turizm şirkəti ilə danışıqlar aparılıb: “Onların əməkdaşları müvafiq treninqlərdən keçib və lisenziyalaşdırılıb. Sözügedən turizm şirkətləri xarici vətəndaşlara elektron qaydada vizanı verə biləcək və ümid edirəm ki, bu, ölkəyə gələn xarici vətəndaşların sayına müsbət təsir göstərəcək».
   Azərbaycana gələn əcnəbi vətəndaşlara elektron viza 20 ABŞ dollarına təklif olunur.
   
   Bu işdə təcrübə və əməkdaşların peşəkarlığı lazımdır
   
   Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, bundan əvvəl turistlər viza almaqda müəyyən çətinliklərlə rastlaşırdılar. Onlar viza almaq üçün Azərbaycanın bu və digər ölkədəki səfirliyinə müraciət etməli idilər: «Əgər Azərbaycana səfər etmək istəyən turist Almaniyanın hər hansı şəhərində yaşayırsa, o, Azərbaycanın bu ölkədəki səfirliyinə getməli, müvafiq sənədləri təqdim etməli idi. Təbii ki, bu, turistlər üçün əlverişli hal deyildi. Artıq onlayn viza rejiminin tətbiqinə başlanılıb. Bu o deməkdir ki, turist heç bir səfirliyə getmədən yalnız öz pasportunun surətini turizm şirkətinə göndərməklə onlayn viza ala bilər».
   N.Bağırov qeyd etdi ki, bu istiqamətdə fəaliyyət göstərməsi üçün hələlik 30-a yaxın turizm şirkətinə lisenziya verilib, amma bu say artırıla bilər: «Bilirsiniz ki, viza verilməsi kifayət qədər əhatəli prosesdir. Müraciət edənlərin sənədləri müəyyən qurumlar tərəfindən nəzərdən keçirilir. Bu prosedurları həyata keçirmək üçün isə turizm şirkətlərinin təcrübəsi və əməkdaşlarının peşəkar olması lazımdır. Təbii ki, lazım olan meyarlara cavab verən turizm şirkətlərinə bunun üçün lisenziya veriləcək».
   Assosiasiya sədri bildirdi ki, turistlər onlayn qaydada vizaları 14 iş günü müddətində əldə edə bilirlər: «Düşünürəm ki, elektron vizaların verilməsi Azərbaycana gələn turistlərin sayının artmasına gətirib çıxaracaq. Bu istiqamətdə artıq irəliləyiş müşahidə olunur. Nəinki Avropa ölkələrindən, hətta Çindən də sifarişlər alırıq».
   
   Turizmdə yeni səhifə
   
   Elektron vizaların tətbiqi ilk növbədə turizm şirkətlərinin işini asanlaşdırır. Bunu isə «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev dedi. Onun sözlərinə görə, turizm şirkətlərinin rəhbərləri də bu yeniliyi yüksək dəyərləndirirlər: «Ölkə başçısı tərəfindən belə bir sərəncamın imzalanması Azərbaycanda turizmin inkişafında və ölkəyə turistlərin cəlb olunmasında yeni səhifənin açılması deməkdir. Çünki biz turizm şirkəti olaraq əvvəllər bu sahədə müəyyən bürokratik amillərlə qarşılaşırdıq. Artıq daha sadə və asan yolla turistlərə vizaların alınmasına nail ola biləcəyik. Bu isə eyni zamanda Azərbaycana daha çox turist cəlb olunmasına zəmin yaradır. Yeni qayda turizm şirkətlərinin fəaliyyətinə müsbət təsir edəcək».
   

   Fəxriyyə Abdullayeva