Tarixi yol üzərində turizm əməkdaşlığı Bakıda müzakirə olundu
Aprelin 22-də Bakıdakı “Hyatt Regency” hotelində tarixi İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və Dünya Turizm Təşkilatının “İpək Yolu təşəbbüsü” çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılmış İşçi Qrupun toplantısı işə başladı. Tədbirə Dünya Turizm Təşkilatının icraçı direktoru Zoltan Somogi, DTT, UNESCO, Turizm Bələdçiləri Assosiasiyalarının Dünya Federasiyası (WFTGA), layihə üzrə iştirakçı ölkələrin nümayəndələri qatılmışdı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyəti, “İpək Yolu” layihəsi üzrə əməkdaşlığın inkişaf perspektivləri, DTT çərçivəsində fəaliyyətin nəticələri barədə danışdı. Nazir bildirdi ki, İpək Yolu tarixən yeni-yeni əlaqələr yaradıb, adət-ənənələri birləşdirib: “Bu gün bu yolun daha da inkişafına çalışırıq. Bu inkişaf ölkələrə marketinq, sıx əməkdaşlıq gətirəcək. Bu əlaqələrdə Azərbaycanın da böyük rolu var. İpək Yolu təkcə bu konfransda iştirak edən ölkələr üçün yox, bütün turizm aləmi üçün önəmlidir. Əlaqələrin yaranmasında əsas məqsəd bir-birimizi daha yaxşı anlamaqdır”.
Bununla bağlı DTT-nin xüsusi proqramının olduğunu və İpək Yolu üzərində yerləşən ölkələrin turist mübadiləsi, onların əməkdaşlığının genişlənməsi, birgə marketinq və menecmentin həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyən nazir qeyd etdi ki, bu proqram ildə iki dəfə müzakirə olunur: “Bu gün Avropadan Uzaq Şərqə - Xorvatiyadan Yaponiyaya qədər bir çox ölkələr burada təmsil olunur və sözsüz ki, indiki rəqabət dövründə bu ölkələrin turizm axınının müəyyənləşməsində xüsusi yeri var. Bu toplantıda hazırlanacaq tövsiyələr hər bir turizm təşkilatı üçün böyük önəm daşıyacaq. Növbəti konfrans Çində, sonra Britaniyada olacaq”.
Nazir bildirdi ki, toplantılar eyni zamanda Azərbaycanın gördüyü işlər, mövqeyi haqqında tərəfdaşlara məlumat vermək imkanı yaradır: “Biz bəyan etdik ki, Azərbaycanda elektron turizm vizasının tətbiqi başlanılır. Bu çox yüksək qiymətləndirilir. Eyni zamanda DTT ilə birgə Azərbaycanda yeni turizm qanunvericiliyinin hazırlanmasında işləri tamamlamaqdayıq. İlkin layihə hazırdır və müzakirə edirik. Bu addımlar Azərbaycanın dünya turizm məkanında çəkisinə kifayət qədər təsir göstərir. Artıq biz bu proseslərin çox fəal iştirakçısıyıq və Azərbaycan Prezidenti ilk 30 ölkənin rəhbərlərindən biridir ki, dünyada xüsusi turizm sənayesinin inkişafına önəm verən liderlərin siyahısında yer alıb”.
Nazir İpək Yolu üzərində yerləşən ölkələrin tarixin müxtəlif dönəmlərində qurub-yaşatdıqları iqtisadi, mədəni əlaqələrdən danışaraq qeyd etdi ki, bu ənənənin yenidən davam etdirilməsi mədəni dəyərlərin öyrənilməsi və xalqlar arasında dostluq, həmrəylik əlaqələrinin inkişafı baxımından olduqca dəyərlidir. Əbülfəs Qarayev ölkədə turizmin inkişafı ilə bağlı məsələlərə də toxunaraq bildirdi ki, bu gün ölkədə turizmin müxtəlif növləri üzrə mütəxəssislərin hazırlanmasına başlanılıb və artıq ilkin nəticələri görürük.
Tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin videomüraciəti nümayiş etdirildi. Baş katibin sözlərinə görə, İpək Yolu tarixən Şərqlə Qərb arasında böyük bir körpü rolunu oynayan məkandır. İpək Yolu bu ölkələr arasında mühüm əlaqələrin qurulmasına imkan yaradır və bununla bağlı xüsusi fəaliyyət planı tərtib edilib. Müraciətdə Azərbaycanın turizmin inkişafında fəaliyyəti yüksək qiymətləndirilir və bu istiqamətdə tədbirlərin davam edəcəyinə əminlik ifadə olunur.
Daha sonra çıxış edən DTT-nin icraçı direktoru Zoltan Somogi bildirdi ki, Azərbaycana görə turizm sahəsi prioritet istiqamətdir və bu sahənin inkişafı üçün əməkdaşlıq davam edəcək. Onun sözlərinə görə, ötən il Azərbaycana 2 milyondan çox turistin gəlməsi də ölkədə turizmin inkişafında mühüm irəliləyişlərin olmasından xəbər verir: “Mən 2009-cu ildə burada olmuşam. İndi yenidən gəlmişəm və heyrətamiz dəyişiklikləri görmək məni sevindirir. Biz həmçinin Bakıda “Eurovision”un necə təşkil olunduğunun şahidi olduq”.
DTT-nin dəstəyi ilə Azərbaycanda bir çox tədbirlər həyata keçirdiklərini deyən Z.Somogi Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin də çox mühüm hadisə olacağını söylədi.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində uzun müddət fəaliyyət göstərən nazir kimi ölkəmizdə bu sahənin inkişafına verdiyi töhfələrə və DTT ilə Azərbaycan arasında əməkdaşlıqda göstərdiyi səylərə görə qurumun mükafatı ilə təltif olundu.
Dünya Turizm Təşkilatının “İpək Yolu” proqramının rəhbəri Alla Peresolovanın sözlərinə görə, son illər qurum turizm sahəsində bir sıra mühüm işlər görüb. Bunlardan biri də təşkilatın mütəxəssislərinin hazırladığı turizm strategiyası modelidir. İpək Yolu ilə bağlı tədbirlərdən danışan A.Peresolova bu sırada Azərbaycanda keçirilən “İpək Yolu təamları” adlı tədbiri də xatırlatdı.
Qeyd edək ki, iki gün davam edən tədbirdə 2013-cü il üçün İpək Yolu üzrə xüsusi turizm layihəsi təqdim olunub, eyni zamanda layihənin planı, qısa və uzunmüddətli perspektivləri, iştirakçı ölkələrin maraqları, onlar üçün layihənin faydaları və s. məsələlər müzakirə edilib.
Fəxriyyə Abdullayeva