Bu il Azərbaycana gələn turistlərin sayında artımın 10 faizdən aşağı olmayacağı gözlənilir. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirdi. Onun sözlərinə görə, Azərbaycanda elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayının artmasına təsir göstərəcək: “Adətən hər il ölkəyə gələn turistlərin sayında 10-15 faiz artım müşahidə edilir. Elektron vizanın tətbiqi ilə bağlı müəyyən texniki məsələlərin tamamlanması tələb olunur. Düşünürəm ki, yay mövsümünə biz tam hazır olacağıq. Azərbaycanın turizm şirkətlərinin də bu prosesə qoşulmağa böyük maraqları var. İnanıram ki, bu, öz müsbət təsirini göstərəcək.
Nazir qeyd etdi ki, artıq Azərbaycan vətəndaşları öz vətənlərində səyahət etməyə daha meyllidirlər. Bunu regionların infrastrukturunun yaxşılaşması ilə əlaqələndirən nazirin fikrincə, hazırda Azərbaycanda Bakıdan başqa iki cəlbedici turizm məkanı formalaşıb - bunlar Qəbələ və Şahdağ Qış-Yay Turizm Kompleksidir. Hələlik “Şahdağ” kompleksinin müvəqqəti olaraq turizm xidmətləri göstərməyəcəyini deyən nazir bunun səbəbini kompleksdə birinci mərhələ üzrə inşaat işlərinin tamamlanmalı olduğu ilə izah etdi: “Burada yolların müəyyən hissəsinin hazır olmaması bizə maneə törədəcək. Buna görə də qərara gəlmişik ki, indidən turist axını saxlanılsın, burada aparılan tikinti işləri davam etdirilsin. Bu işlərin bir hissəsinin yaya qədər tamamlanması nəzərdə tutulur”.
Əbülfəs Qarayev onu da nəzərə çatdırdı ki, növbəti qış mövsümü üçün kompleksdə daha iki hotelin istifadəyə verilməsi gözlənilir. Bundan sonra kompleks ilin bütün fəsillərində xidmət göstərə biləcək.
Fəxriyyə