Bakıda «B2B Luxury & MICE Workshop» işgüzar görüşü keçirilib
   
   “Four Seasons Baku” hotelində Böyük Britaniyanın «TMI Consultancy» və Azərbaycanın «TTM Consultancy» şirkətlərinin təşkilatçılığı ilə ölkəmizin turizm təmsilçiləri üçün işgüzar görüş («B2B Luxury & MICE Workshop») olub.
   
   Qeyd edək ki, ikinci dəfə keçirilən «B2B Luxury & MICE Workshop»da xarici iştirakçıların sayı üç dəfə artıb. Budəfəki işgüzar görüşə Macarıstanın, Dominikan Respublikasının, həmçinin də İspaniyanın Benidorm regionunun turizm müəssisələri qatılıb. Avropanın “Chic Outlet Shopping©” və “McArthurGlen” outlet mağazalar şəbəkəsi, İsveçrənin “Clinic Lemanic” klinikası da ilk dəfə iştirakçılar sırasındadır.
   Tədbirin əvvəlində xarici iştirakçılar üçün Azərbaycanın turizm potensialı haqqında təqdimat keçirilib.
   «TMI Consultancy» şirkətinin direktoru xanım Helen Loyd bildirib ki, Bakıda ikinci dəfə gerçəkləşən görüşə 30-a yaxın əcnəbi turizm şirkəti, hotel və outlet mərkəzlərinin təmsilçiləri, eləcə də Azərbaycanın 60-dək turizm şirkətinin nümayəndələri qatılıblar. Onun sözlərinə görə, birinci “workshop”dan sonra Azərbaycandan İtaliya, Yunanıstan, İspaniya, Fransa, Böyük Britaniya və İsveçrəyə gedən turistlərin sayı artıb: “Ümid edirəm ki, bugünkü görüşdən sonra Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı da artacaq”.
   Helen Loyd qeyd edib ki, “workshop”da iştirak edən xarici şirkətlərin hər biri geniş fəaliyyət imkanları olan müəssisələrdir. Onlar Azərbaycanın turizm şirkətləri və hotelləri ilə əməkdaşlıqda maraqlıdırlar: “Tədbirin məqsədi də bu turizm müəssisələrinin Azərbaycanın turizm bazarına daxil olmasına kömək etməkdir. Azərbaycanlılar səyahət etməyi çox sevirlər. Təbii ki, onlar istirahət üçün xidmətin səviyyəsi yüksək olan ölkələri seçmək istəyirlər. Biz də onlara bu seçimdə kömək etmək istəyirik. Növbəti illərdə də layihəmizi Bakıda davam etdirmək niyyətindəyik”.
   İştirakçılar görüşdən sonra paytaxta və Qobustana ekskursiya ediblər. Bakının “Hilton”, “Four Seasons”, “Kempinski Badamdar”, “Fairmont”, “Park INN”, “Grand Hotel Europe” hotellərində olan qonaqlar heyranlıqlarını gizlətməyiblər.
   Səfərin sonuncu günü isə qonaqlara onların öz istəyi ilə İçərişəhərdəki “Karvansaray” restoranında kulinariya üzrə master-klass keçilib. Restoranın direktor müavini Fuad Ağayev iştirakçılara milli mətbəximiz haqqında məlumat verməklə bərabər, onlara düşbərə və qutabı öz əlləri ilə hazırlamağı təklif edib. Təklifi məmnuniyyətlə qəbul edən qonaqlar bundan xüsusi zövq aldıqlarını deyiblər.
   İştirakçılar Bakı şəhərinin, insanların qonaqpərvərliyinin, milli mətbəximizin onlarda yüksək təəssüratlar yaratdığını bildiriblər. “Azərbaycanda MİCE turizmi üçün çox gözəl imkanlar mövcuddur. Biz burada olduğumuz bu bir neçə gün ərzində özümüz üçün yeni bir istiqamət kəşf etdik. Vətənə döndükdən sonra bu istiqamət üzrə turist səfərlərinin təşkili ilə ciddi məşğul olacağıq”, - deyə rusiyalı nümayəndələr bildiriblər. 

  Fəxriyyə Abdullayeva