16-18 noyabr tarixlərində IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək. Neva sahilində ənənəvi beynəlxalq tədbir üç il idi ki, təşkil edilmirdi.
Bu il “Birləşmiş mədəniyyətlər forumu” adı altında gerçəkləşəcək forumun təşkilatçıları Rusiya Federasiyası Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Sankt-Peterburq Hökumətidir.
Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Forumun rəsmi saytında yer alan məlumata görə, işçi proqram “Tarixin mədəniyyət vasitəsilə dərki”, “Süni intellekt – mədəniyyət üçün təhlükə, yoxsa rifah”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” üç blokdan ibarətdir.
Forum çərçivəsində “Ümumi səhnə: teatrların əməkdaşlığı dünya mədəniyyətlərinin birləşməsinin simvolu kimi”, “Ənənələr – müasirdir. Müasir kontekstdə mədəni irsin qorunması və aktuallaşması təcrübəsi”, “Əcdadların vəsiyyət etdiyi irs. Etnomədəni sərvət – xalqların qarşılıqlı anlaşmasına yol”, “Dəyərlər – ənənəvi, alətlər – yeni: mədəniyyətin videooyunlarda populyarlaşması”, “Teatrda innovasiyalar və mədəniyyət sahəsində təhsilin gələcəyi” və s. mövzularda panel diskussiyaları, dəyirmi masalar, digər tədbirlər təşkil ediləcək.
Zəngin bədii proqram da tərtib olunub. Forumun qonaqları opera və dram tamaşalarına, klassik musiqidən cazadək konsertlərə baxa, Sankt-Peterburqun muzey və qalereyalarında sərgiləri ziyarət edə biləcəklər. “Dünya klassikasının inciləri” adlı qala-konsert də təşkil ediləcək.
Təşkilat komitəsinin sədri, Rusiya baş nazirinin müavini Tatyana Qolikovanın bildirdiyinə görə, forum 70-dək ölkədən iştirak üçün müraciət alıb.
Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu ilk dəfə 2012-ci ildə keçirilib. Sayca 8-cisi 2019-cu ildə gerçəkləşib. Azərbaycan da ənənəvi olaraq Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir. 2018-ci ildə Azərbaycan Respublikası 2020-ci ildəki foruma “fəxri qonaq ölkə” statusu ilə dəvət almış və bununla bağlı müvafiq razılıq sənədi imzalanmışdı. Forum 2020-2021-ci illərdə pandemiya üzündən, 2022-ci ildə isə Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən keçirilmədi.
V.Kamal