IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın Tarix və Etnologiya İnstitutunun “XIX-XX əsrin əvvəllərində İrəvan şəhərinin tarixindən” və “Azərbaycan tarixi erməni tarixi publisistikası və tarixşünaslığında: saxtakarlıq və həqiqət” (rus dilində) kitablarının təqdimatı keçirilib.

Tarix və Etnologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru Kərim Şükürov “XIX-XX əsrin əvvəllərində İrəvan şəhərinin tarixindən” kitabından danışıb. Qeyd olunub ki, kitabın ümumi redaktoru tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, elmi redaktorları tarix üzrə fəlsəfə doktorları Zeynəb Qafarova və Sevinc Mustafayevadır. Bildirib ki, dövlətimiz tərəfindən qədim Azərbaycan torpağı olan İrəvan şəhərinin tarixinin öyrənilməsinə və təbliğinə böyük önəm verilir. Beynəlxalq ictimaiyyət indiki Ermənistan ərazisi olan İrəvanın tarixi Azərbaycan torpağı olduğunu bilməlidir.

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov isə fondun sifarişi ilə hazırlanan “Azərbaycan tarixi erməni tarixi publisistikası və tarixşünaslığında: saxtakarlıq və həqiqət” kitabı barədə söz açıb, müəlliflərə təşəkkürünü bildirib. Qeyd edək ki, kitabın tərtibatçısı Kərim Şükürov, elmi redaktoru İlqar Niftəliyevdir.